Ordu.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Olivye Andries 2026-cı il üçün nəzərdə tutulan təxminən 1400 ədəd istehsalın 2027-ci ilin sonuna qədər 2000 ədədə çatdırılacağını açıqlayıb.
“Le Parisien” qəzetinin məlumatına görə, istehsal gücünün artırılması məqsədilə “Safran”ın Monlyuson şəhərindəki müəssisələrinə 120 milyon avro sərmayə yatırılacaq və əlavə olaraq 150 yeni iş yeri yaradılacaq.
AASM “Hammer” (Armement Air-Sol Modulaire) standart bombaları yüksək dəqiqlikli idarəolunan sursatlara çevirən modul sistemdir. 70 kilometrdən artıq mənzilə malik olan bu sistem mürəkkəb döyüş şəraitində hədəfləri yüksək dəqiqliklə vurmaq qabiliyyəti ilə seçilir.
“Safran Electronics & Defense” şirkətinin prezidenti Frank Sodo bildirib ki, Ukraynadakı münaqişədən əldə edilən məlumatlar GPS siqnallarının boğulduğu mürəkkəb şəraitdə AASM “Hammer”ın üstünlüklərini təsdiqləyib.
Onun sözlərinə görə, qabaqcıl idarəetmə və mühərrik dəstləri sayəsində sursat güclü radioelektron mübarizə şəraitində belə yüksək dəqiqlik göstəricilərini qoruyub saxlayıb.
Sistem 250 kq, 500 kq və 1000 kq çaplı bombalarla uyğun işləyir və həm sabit, həm də hərəkətli hədəflərə qarşı uğurla tətbiq oluna bilir.
Fransa Müdafiə Nazirliyinin nümayəndələri qeyd ediblər ki, AASM “Hammer”ın eyni vaxtda çoxsaylı “hava-yer” zərbələri endirmək imkanı hava əməliyyatlarında mühüm üstünlük yaradır.
Sistemin uğuru ixrac göstəricilərində də öz əksini tapıb. Ukrayna ilə yanaşı Hindistan, Xorvatiya, Misir və Norveç də AASM “Hammer” sistemini sifariş edən və ya silahlanmaya qəbul edən ölkələr sırasındadır.
Xüsusilə Norveçin 371 milyon avro dəyərində sifarişi sistemin beynəlxalq müdafiə bazarında artan əhəmiyyətini nümayiş etdirir.
Sevinc Əliyeva
Ordu.az