H145M helikopterləri antidron sistemi ilə təchiz olunacaq

2026/06/1781110951.jpg
Oxunub: 213     21:00     10 İyun 2026    
“Airbus” və Almaniyanın “Quantum Systems” şirkəti hərbi helikopterlərin Pilotsuz Uçuş Aparatı (PUA) təhdidlərindən qorunması üçün yeni əməkdaşlığa başlayıb.

Ordu.az xəbər verir ki, tərəflər arasında müvafiq saziş ILA Berlin 2026 sərgisi çərçivəsində imzalanıb.

Razılaşmaya əsasən, “Quantum Systems” tərəfindən hazırlanmış antidron sistemləri “Airbus”ın hərbi helikopterlərinə inteqrasiya ediləcək. İşlərin ilk mərhələsində diqqət “Airbus”ın yüngül çoxməqsədli H145M hərbi helikopterinə yönəldiləcək.

Son illərdə döyüş meydanında FPV və kamikadze tipli PUA-ların geniş yayılması xüsusilə aşağı hündürlükdə fəaliyyət göstərən helikopterlər üçün ciddi təhlükə yaradıb.

Mövcud özünümüdafiə sistemləri əsasən idarəolunan raket təhdidlərinə qarşı nəzərdə tutulduğundan, kiçik ölçülü və ucuz PUA-lara qarşı yeni həllərin hazırlanmasına ehtiyac yaranıb.

“Airbus” və “Quantum Systems” bu boşluğu doldurmağı hədəfləyir. Yeni sistemlərin ekipajlara hava təhdidlərini aşkar etmək və zərərsizləşdirmək imkanı verəcəyi bildirilir.

İnteqrasiya işləri üçün ilk platforma olaraq H145M seçilib. İki mühərrikli quruluşa, açıq sistem arxitekturasına və geniş modernizasiya potensialına malik olan H145M xüsusi təyinatlı əməliyyatlar, kəşfiyyat-müşahidə, yüngül hücum və tibbi təxliyə missiyalarında istifadə olunur.

Mərkəzi Almaniyanın Münhen şəhərində yerləşən “Quantum Systems” əsasən kəşfiyyat və müşahidə məqsədli PUA-ların hazırlanması ilə tanınır. Şirkətin “Vector” PUA sistemi Ukrayna da daxil olmaqla müxtəlif ölkələrdə əməliyyat istifadəsindədir.

ILA Berlin 2026 sərgisində “Airbus Helicopters” həmçinin H145 ailəsinin insansız versiyası kimi hazırlanmış U145 konseptini nümayiş etdirib. Sərgilənən maket üzərində “Quantum Systems”ın antidron həllinin yer aldığı müşahidə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: H145M   PUA  


Bizi "telegram"da izləyin