Ordu.az xəbər verir ki, Fransa Silahlanma Baş İdarəsi adından fəaliyyət göstərən Birgə Silahlanma Əməkdaşlığı Təşkilatı (OCCAR) 2026-cı il aprelin 30-da “Eurosam” qrupu ilə müvafiq müqavilə bağlayıb.
Müqavilə “Eurosam” ilə yanaşı onun əsas tərəfdaşları olan MBDA və “Thales” şirkətlərini də əhatə edir.
Layihənin məqsədi ASTER raketləri ilə təmin edilən uzaq mənzilli və ballistik raketlərə qarşı müdafiə imkanlarını MICA VL raketləri ilə təmin olunan qısa mənzilli müdafiə qabiliyyəti ilə tamamlamadır.
Sistem VL MICA kompleksinin nişanalma zəncirinin “SAMP/T NG” komanda mərkəzinə inteqrasiyası əsasında fəaliyyət göstərəcək.
Fransa tərəfi hesab edir ki, hava təhdidlərinin sayının və müxtəlifliyinin artdığı müasir döyüş mühitində yeni sistem raketlərin daha səmərəli istifadəsi hesabına daha güclü yer-hava müdafiə çətiri yaradacaq.
Müqaviləyə əsasən, 2024-2030-cu illəri əhatə edən Hərbi Proqram Qanununda nəzərdə tutulan səkkiz ədəd SAMP/T NG batareyası 2030-cu ildən etibarən bu yeni ASTER/MICA VL konfiqurasiyasında Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə təhvil veriləcək.
Yeni arxitektura GF300 və GM200 radarları, komanda-idarəetmə sistemləri, ASTER B1, ASTER B1NT, MICA VL və MISTRAL 3 raketlərini vahid şəbəkədə birləşdirəcək.
Layihə çərçivəsində gələcəkdə antidron sistemlərinin də bu inteqrasiya olunmuş müdafiə strukturuna daxil edilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az