Moldova parlamentinin vitse-spikeri Aİ-yə veto hüququ olmadan üzvlüyü mümkün sayıb

2026/06/1781113419.jpg
Oxunub: 199     21:48     10 İyun 2026    
Moldova Avropa İttifaqına məhdud iştirak şərtləri ilə, o cümlədən veto hüququndan imtina etməklə üzv olmaq imkanını istisna etmir.

Ordu.az xəbər verir ki, bu barədə Moldova parlamentinin vitse-spikeri Doyna German “Radio Moldova”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kişineu üçün əsas prioritet sülh, təhlükəsizlik və iqtisadi inkişafdır ki, bunlar da Avropa İttifaqı tərəfindən təmin edilir. German qeyd edib ki, veto hüququnun mövcudluğu Moldova üçün əsas məsələ deyil.

Vitse-spiker vurğulayıb ki, Avropaya inteqrasiya prosesini Baltikyanı ölkələr və Rumıniya da daxil olmaqla bir sıra Aİ üzvləri dəstəkləyir. Bununla belə, onun sözlərinə görə, bəzi Avropa İttifaqı ölkələri birliyin genişlənməsinə skeptik yanaşırlar.

German etiraf edib ki, Moldova hələ də üzvlük meyarlarına tam uyğun gəlmir və əlavə islahatlara ehtiyac duyur.

O, gələcək üzv dövlətlərin səsvermə hüquqlarının məhdudlaşdırılması ilə bağlı bəzi Avropa ölkələrinin təkliflərini də şərh edərək bildirib ki, Kişineu inteqrasiyanın müxtəlif formatlarını müzakirə etməyə hazırdır.

Daha əvvəl Avropa Komissiyasının iyun ayının ortalarında Moldovanın Avropa İttifaqına üzvlüyü üzrə danışıqlara başlamaq imkanını nəzərdən keçirdiyi bildirilmişdi. Lakin bu prosesin üzvlüyə zəmanət vermədiyi və uzun müddət çəkə biləcəyi qeyd olunmuşdu.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moldova    


Bizi "telegram"da izləyin