Avropalılar ABŞ-ni getdikcə daha çox “etibarsız tərəfdaş” hesab edirlər

2026/05/1778133830.jpg
Oxunub: 228     20:02     10 İyun 2026    
Avropada ABŞ-yə müttəfiq kimi münasibətdə skeptik yanaşma güclənməkdə davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Şurasının (ECFR) keçirdiyi sorğunun nəticələrində qeyd olunub. Sorğudan bəzi məqamları “The Guardian” nəşri dərc edib.

Araşdırmanın nəticələrinə görə, 15 Avropa ölkəsinin sakinlərinin yalnız təxminən 11 faizi ABŞ-ni müttəfiq hesab edir. Respondentlərin əksəriyyəti isə Vaşinqtonu daha çox “zəruri tərəfdaş” kimi qiymətləndirir.

ABŞ-ni müttəfiq adlandıranların payı altı ay əvvəlki 16 faizdən və 2024-cü ilin noyabrındakı 22 faizdən 11 faizə enib.

Sorğu Avstriya, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Almaniya, Danimarka, İspaniya, İtaliya, Niderland, Polşa, Portuqaliya, Fransa, İsveçrə, İsveç və Estoniyada keçirilib.

Məlumata görə, iştirakçılar böhran və ya hücum halında ABŞ-nin Avropa ölkələrinə yardım etməyə hazır olacağına getdikcə daha az inanırlar.

Tədqiqat həmçinin göstərib ki, Avropanın ABŞ silahlarından asılılığını azaltması ideyasına dəstək artır. Bu mövqe ən çox Danimarka, Niderland, İsveç, Portuqaliya, Fransa, İsveçrə, Böyük Britaniya və İspaniyada dəstəklənir.

ECFR ekspertləri bildirirlər ki, Avropada müdafiə xərclərinin artırılması və müstəqil hərbi imkanların gücləndirilməsi istiqamətində hazırlıq güclənir. Bununla belə, NATO-ya alternativ qurumun yaradılması ideyası hələ də daha az dəstək qazanır və respondentlərin təxminən üçdə biri bu təşəbbüsü dəstəkləyir.

Sorğuda həmçinin qeyd olunur ki, bir çox ölkədə Ukraynanın Avropa İttifaqına üzvlüyü məsələsində fikir ayrılıqları qalmaqdadır və bəzi dövlətlərdə bu ideyanın əleyhdarları tərəfdarlarından daha çoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropalılar   ABŞ  


Bizi "telegram"da izləyin