“El Pais”: Tramp ABŞ şirkətləri üçün Kubaya gedən yolu açır

2026/06/1781065686.jpg
Oxunub: 375     08:29     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yeni sanksiya siyasəti Kubada fəaliyyət göstərən xarici şirkətlərin mövqelərini zəiflədir və onların yerini gələcəkdə Amerika şirkətlərinin tutacağı ilə bağlı ehtimalları gücləndirir.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” nəşri “Tramp Amerika şirkətləri üçün Kubaya gedən yolu açır” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, Ağ Evin 2026-cı il mayın 1-də dərc etdiyi icra sərəncamı Kubada ciddi narahatlıq yaradıb. Vaşinqton Havana üzərində iqtisadi təzyiqləri daha da artırmaq qərarına gəlib. Sərəncama əsasən, Kuba hakimiyyəti ilə, xüsusilə də ölkə iqtisadiyyatının təxminən yarısına nəzarət edən hərbi GAESA konqlomeratı ilə əməkdaşlıq edən xarici şirkətlərin və şəxslərin ABŞ-dəki aktivləri dondurula bilər.

“Bu təhdid artıq ilk nəticələrini verməyə başlayıb. Xarici şirkətlər Kubanı tərk etdikdən sonra növbəti məntiqi addım onların yerini Amerika şirkətlərinin tutması olacaq”, - deyə nəşr vurğulayır.

“El Pais” yazır ki, son həftələr ərzində iki iri İspaniya mehmanxana şəbəkəsi olan “Meliá” və “Iberostar” fəaliyyətlərinin bir hissəsindən imtina etməyə məcbur olub. Nəticədə onlar müvafiq olaraq 15 və 12 mehmanxananın idarəçiliyini Kuba Silahlı Qüvvələrinin nəzarətində olan strukturlara qaytarıblar.

Nəşrin məlumatına görə, şirkətlərin ölkədən çıxması onları mümkün hüquqi problemlərdən xilas etmir. Kuba hökuməti idarəetmə müqavilələrinin birtərəfli qaydada ləğvinə görə onlardan kompensasiya tələb edə bilər.

“Kanadanın “Blue Diamond” və İndoneziyanın “Archipelago International” şirkətləri də adadakı fəaliyyətlərini tam dayandırıblar. Fransanın CMA CGM və Almaniyanın “Hapag-Lloyd” gəmiçilik şirkətləri isə konteyner daşımalarını dayandırmağa üstünlük veriblər.

Zərbə yalnız turizm sektoruna deyil, həm də Kubanın əsas ixrac sahələrindən biri olan mədən sənayesinə dəyib. Kanadanın “Sherritt International” şirkəti Kuba hökuməti ilə yaratdığı birgə müəssisədəki payının 55 faizinin Donald Trampın keçmiş müşaviri ilə əlaqələndirilən “Gillon Capital” şirkətinə satılması barədə ilkin razılaşma əldə etdiyini açıqlayıb”, - deyə məqalədə qeyd olunur.

Kubadakı biznes dairələrinin nümayəndələri vəziyyəti “El Pais”ə belə şərh ediblər: “Onlar sadəcə olaraq ispanların biznesini öz əllərinə keçirmək istəyirlər”.

Nəşr hesab edir ki, Kubaya qayıda biləcək ilk Amerika şirkətləri arasında dünyanın ən böyük mehmanxana operatorlarından biri olan “Marriott” və qısamüddətli kirayə platforması “Airbnb” yer alır.

Məqalədə xatırladılır ki, hər iki şirkət Barak Obamanın prezidentliyi dövründə Vaşinqton və Havana arasında münasibətlərin yumşaldılması siyasəti çərçivəsində xüsusi lisenziyalar əsasında Kubada fəaliyyət göstərib.

“Marriott” 2016-2020-ci illərdə “Four Points by Sheraton Havana” mehmanxanasını idarə edib və uzun müddət Kubada fəaliyyət göstərən yeganə Amerika mehmanxana operatoru olub. Şirkətin mərhum rəhbəri Arne Sorenson 2016-cı ildə Barak Obamanın tarixi Kuba səfərində onu müşayiət edən biznes nümayəndələri arasında yer alırdı.

“Airbnb” isə Kuba bazarına 2015-ci ildə daxil olub. İlk mərhələdə platformada cəmi 1000 elan yerləşdirilmişdi və xidmət yalnız ABŞ-dən gələn turistlər üçün nəzərdə tutulurdu.

Nəşr qeyd edir ki, ilk il ərzində platformadan 13 min turist istifadə edib. 2019-cu ildə isə xarici turistləri qəbul etmək üçün əlavə icazələrin verilməsindən sonra elanların sayı 35 minə çatıb. Lakin sonrakı illərdə iqtisadi böhranlar, pandemiya və yeni maliyyə məhdudiyyətləri səbəbindən fəaliyyət kəskin şəkildə zəifləyib.

“ABŞ Dövlət Departamentinin 2025-ci il yanvarın 31-də qəbul etdiyi qərar Kubanın beynəlxalq bank sisteminə çıxışını daha da məhdudlaşdırdı və ev sahiblərini alternativ ödəniş yolları axtarmağa məcbur etdi. Bu isə faktiki olaraq biznesin iflic vəziyyətinə düşməsinə səbəb oldu”, - deyə məqalədə bildirilir.

“El Pais” yazır ki, Havana hazırda görünməmiş iqtisadi təzyiqlərlə üzləşib. Demokratiyaların Müdafiəsi Fondunun əməkdaşı və ABŞ Maliyyə Nazirliyinin keçmiş rəsmisi Maks Meyzliş hesab edir ki, Vaşinqtonun məqsədi Kubanı beynəlxalq maliyyə sistemindən tam təcrid olunmuş dövlətə çevirməkdir.

“Hazırda ilk dəfə olaraq xarici kapitalla əlaqəsi olan Kuba iqtisadiyyatının bütün strateji sahələri eyni vaxtda zərbə altına düşüb”, - deyə ekspert bildirib.

Nəşr vurğulayır ki, bu iqtisadi təzyiq Kubanın onsuz da ağır vəziyyətdə olduğu dövrə təsadüf edib. Son illərdə ölkədə dövlət xərcləri azaldılıb, subsidiyalar ixtisar olunub, kommunal xidmətlərin qiymətləri artırılıb və iqtisadiyyat qismən dollarlaşdırılıb.

Məqalədə qeyd olunur ki, vəziyyəti daha da ağırlaşdıran amillərdən biri də ölkədə uzunmüddətli elektrik enerjisi kəsintiləridir. Bəzi bölgələrdə işıqsız qalma müddəti 24 saatı keçir.

Kubalı iqtisadçı Omar Everleni Peres vəziyyəti belə qiymətləndirib: “Bu artıq hərbi iqtisadiyyatdan da pis vəziyyətdir”.

“El Pais” hesab edir ki, Havananın hazırkı böhranında ABŞ təzyiqləri ilə yanaşı, ölkə rəhbərliyinin strateji səhvləri də mühüm rol oynayıb.

“Kuba rəhbərliyi uzun illər iqtisadiyyatın əsas dayağı kimi turizm sektoruna həddindən artıq güvənib və eyni zamanda GAESA vasitəsilə hərbçilərə geniş iqtisadi səlahiyyətlər verib. Bu isə böyük maliyyə resurslarının dövlət nəzarətindən kənarda cəmləşməsinə səbəb olub”, - deyə müəllif yazıb.

Məqalədə xatırladılır ki, 2016-cı ildə ABŞ ilə münasibətlərin yumşaldılması fonunda GAESA 2030-cu ilə qədər mehmanxana fondunu 100 min otağa çatdırmağı nəzərdə tutan genişmiqyaslı proqram həyata keçirməyə başlamışdı.

“ABŞ-nin iqtisadi embarqosunun başa çatmasını gözləyə bilmərik ki, yalnız bundan sonra mehmanxanalar tikməyə başlayaq”, - deyə həmin dövrdə Prezident Migel Dias-Kanel bildirmişdi.

Nəşrin fikrincə, məhz bu hesablamalar sonradan Kubanı daha həssas vəziyyətə salıb və Vaşinqtonun təzyiq imkanlarını genişləndirib.

Məqalənin sonunda Maks Meyzliş xəbərdarlıq edir ki, Tramp administrasiyasının yeni sərəncamı gələcəkdə daha sərt addımlar üçün də hüquqi baza yaradır.

“Bu sərəncama əməl etmək istəyən istənilən beynəlxalq bank Kuba hökuməti və onun hərbi rəhbərliyi ilə əlaqəli bütün qurumların hesablarını tam bloklamalıdır. Onlar tələyə salınmalı və vəsaitləri rejimin istifadə edə bilməyəcəyi yerlərdə saxlanmalıdır”, - deyə keçmiş ABŞ rəsmisi bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Kuba  


Bizi "telegram"da izləyin