KONGSBERG və NAVANTIA “Nansen” sinfinə məxsus freqatlar üçün uzunmüddətli dəstək sazişi imzalayıb

2026/06/1780905793.jpg
Oxunub: 211     12:05     08 İyun 2026    
Norveçin müdafiə şirkəti KONGSBERG ilə İspaniyanın gəmiqayırma şirkəti NAVANTIA Norveç Kral Hərbi Dəniz Qüvvələrinin inventarında olan “Fridtjof Nansen” sinfinə məxsus freqatlar üçün uzunmüddətli dəstək və modernləşdirmə müqaviləsi imzalayıb.

Ordu.az xəbər verir ki, Bergen şəhərində imzalanan saziş çərçivəsində KONGSBERG dörd freqatı əhatə edən texniki xidmət, modernləşdirmə və texniki inkişaf işlərində əsas podratçı qismində çıxış edəcək.

Gəmilərin layihə müəllifi və inşaçısı olan NAVANTIA isə mühəndislik, layihələndirmə və platforma dəstəyi göstərəcək. Müqavilə texniki xidmət tədbirlərini, sistem dəyişikliklərini və texniki yenilənmələri əhatə edir.

Tərəflər bildiriblər ki, həyata keçiriləcək işlər “Fridtjof Nansen” sinfinə məxsus freqatların əməliyyat hazırlığını artırmağa və gələcək imkanların inkişafını dəstəkləməyə yönəlib.

KONGSBERG-in biznesin inkişafı üzrə baş meneceri Tom Dal qeyd edib ki, “Fridtjof Nansen” sinfinə məxsus freqatlar Norveç Kral Hərbi Dəniz Qüvvələrinin əsas imkanlarından birini təşkil edir və bu saziş Norveç ilə İspaniya arasında dəniz müdafiə sənayesi əməkdaşlığını daha da gücləndirəcək.

NAVANTIA isə platforma arxitekturası, gəmi sistemləri və mühəndislik sahəsindəki təcrübəsi ilə proqramda iştirak etməyə davam edəcək və gələcək modernləşdirmə işlərinə texniki dəstək verəcək.

İmzalanma mərasimində KONGSBERG və NAVANTIA nümayəndələri ilə yanaşı, Norveç Müdafiə Materialları Agentliyinin rəsmiləri də iştirak ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KONGSBERG   NAVANTIA  


Bizi "telegram"da izləyin