Hakan Fidan Yaponiya ilə birgə PUA hazırlanması mesajı verib

2026/05/1780138640.jpg
Oxunub: 525     14:54     30 May 2026    
Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə ilə Yaponiya arasında pilotsuz uçuş sistemləri sahəsində birgə inkişaf və istehsal layihələri üçün mühüm imkanların olduğunu bildirib.

Ordu.az xəbər verir ki, Hakan Fidan bu barədə Yaponiyanın “Nikkei Asia” nəşrinə müsahibəsində danışıb.

Nazir qeyd edib ki, Türkiyə ilə Yaponiya arasındakı münasibətlər müdafiə sənayesi və qabaqcıl texnologiyalar sahəsində yeni mərhələyə qədəm qoyub.

Birgə inkişaf və istehsal vurğusu

Pilotsuz uçuş sistemlərinin gələcəyin müdafiə texnologiyaları arasında mühüm yer tutduğunu vurğulayan Fidan bildirib ki, Türkiyənin bu sahədə qazandığı təcrübə ilə Yaponiyanın texnoloji imkanları mühüm sinerji yarada bilər.

“Yaponiya ilə pilotsuz uçuş sistemləri sahəsində birgə inkişaf və birgə istehsal da daxil olmaqla güclü əməkdaşlıq potensialı görürük”, - deyə Hakan Fidan bildirib.

Nazirin açıqlamaları son dövrlərdə Türkiyə ilə Yaponiya arasında müdafiə sənayesi sahəsində intensivləşən təmaslardan sonra səsləndirilib.

Türkiyə-Yaponiya müdafiə əlaqələri sürət qazanıb

Son illərdə Türkiyə ilə Yaponiya arasında müdafiə sənayesi əməkdaşlığı diqqətçəkən şəkildə inkişaf edir.

Yaponiyanın müdafiə naziri Gen Nakatani 2025-ci ilin avqustunda Türkiyəyə rəsmi səfər edərək Müdafiə Sənayesi Komitəsinin sədri professor Haluk Görgün ilə görüşmüşdü.

Bu səfər Yaponiyanın Türkiyə ilə müdafiə sahəsində həyata keçirdiyi ən yüksək səviyyəli təmaslardan biri kimi qiymətləndirilmişdi. Görüş zamanı müdafiə sənayesi əməkdaşlığı, texnologiya paylaşımı və gələcək strateji layihələr müzakirə olunmuşdu.

Tərəflər müdafiə texnologiyaları sahəsində birgə fəaliyyət imkanlarını da dəyərləndirmişdilər.

Haluk Görgün görüşdən sonra verdiyi açıqlamada bildirmişdi: “Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanlarını, texnologiya paylaşımını və gələcəyə yönəlmiş strateji addımları müzakirə etdik. Türkiyə olaraq dost və müttəfiq ölkələrlə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıqları gücləndirməyə qətiyyətlə davam edirik”.

Pilotsuz uçuş aparatı əməkdaşlığı ön plana çıxır

Gen Nakatani Türkiyəyə səfəri çərçivəsində TUSAŞ müəssisələrinə baş çəkib, həmçinin BAYKAR şirkətində olub.

Məlumata görə, səfər zamanı texnologiya transferi və mümkün birgə istehsal imkanları da müzakirə edilib.

Bildirilir ki, Yaponiya xüsusilə pilotsuz sistemlər sahəsində imkanlarını inkişaf etdirməyi hədəfləyir və bu məqsədlə Türkiyənin son illərdə əldə etdiyi təcrübəni yaxından izləyir.

Hakan Fidanın “Nikkei Asia”ya verdiyi son açıqlamalar da iki ölkə arasında mövcud təmasların pilotsuz uçuş sistemləri sahəsində daha konkret əməkdaşlıq layihələrinə çevrilə biləcəyini göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fidan   Türkiyə   Yaponiya   PUA  


Bizi "telegram"da izləyin