Ordu.az xəbər verir ki, nəşrdə HÜRJET-in 2026-cı ilin aprel ayında Malayziyada keçirilən DSA müdafiə sərgisində nümayiş etdirildiyi xatırladılıb.
Məlumata görə, platforma yalnız qabaqcıl reaktiv təlim təyyarəsi kimi deyil, həm də yüngül hücum tapşırıqlarını yerinə yetirə bilən çoxməqsədli həll kimi təqdim olunur.
TUSAŞ-ın Yaponiyaya marağı davam edir
“Traffic News”un məlumatına görə, TUSAŞ rəsmiləri Yaponiyanın gələcək təlim təyyarəsi tələbatı ilə bağlı mümkün təklif haqqında hələ rəsmi qərarın qəbul edilmədiyini, lakin məsələyə “güclü maraq” göstərildiyini bildiriblər.
Nəşr xatırladıb ki, TUSAŞ daha əvvəl Yaponiya Hava Özünümüdafiə Qüvvələrinin T-7 əsas təlim təyyarəsi proqramı çərçivəsində HÜRKUŞ mərkəzli təlim sistemi təklif etmişdi.
Həmçinin son dövrdə Türkiyə ilə Yaponiya arasında müdafiə sənayesi əməkdaşlığının sürətlə inkişaf etdiyi vurğulanıb. Bildirilir ki, iki ölkə 2026-cı il mayın 6-da müdafiə avadanlıqları sahəsində əməkdaşlığı genişləndirməyi nəzərdə tutan sənəd imzalayıb.
“Airbus” amili ön plana çıxır
Yapon nəşri hesab edir ki, HÜRJET-in potensial ixrac layihələrində “Airbus” şirkəti mühüm rol oynaya bilər. Məqalədə qeyd olunub ki, TUSAŞ artıq Yaponiyanın müdafiə satınalma prosesləri ilə bağlı müəyyən təcrübə qazanıb.
“Airbus” kimi güclü sənaye tərəfdaşının dəstəyi ilə HÜRJET-in Yaponiyanın yeni nəsil təlim təyyarəsi proqramında gözlənilməz namizəd kimi önə çıxa biləcəyi vurğulanıb.
HÜRJET-in ixrac hədəfləri genişlənir
Nəşr qeyd edib ki, HÜRJET əvvəlcə Türkiyə Hərbi Hava Qüvvələrinin təlim ehtiyaclarını qarşılamaq üçün hazırlanıb. Lakin zamanla yüngül hücum imkanları sayəsində daha geniş missiya spektrinə malik platformaya çevrilib.
Məlumata görə, TUSAŞ silahlı təlim və yüngül hücum təyyarələri seqmentində böyük ixrac potensialı görür. HÜRJET-in bu sahədə əsas rəqiblərindən birinin Cənubi Koreya istehsalı FA-50 olduğu bildirilir.
“Traffic News” vurğulayır ki, rəsmi namizədlik prosesi hələ başlamasa da, HÜRJET T-4 proqramı üçün qiymətləndirilə biləcək platformalar arasında “sürpriz namizəd” kimi diqqət çəkir.
Sevinc Əliyeva
Ordu.az