Litvanın xarici işlər naziri ailəsinin bütün şəxsi məlumatlarının dövlət reyestrlərindən oğurlandığını açıqlayıb

2026/05/1780136118.jpg
Oxunub: 368     14:07     30 May 2026    
Litvanın xarici işlər naziri Kestutis Budris dövlət reyestrlərində saxlanılan özünün və ailə üzvlərinin şəxsi məlumatlarının oğurlandığını bildirib.

Ordu.az xəbər verir ki, bu barədə LRT telekanalı məlumat yayıb.

Budrisin sözlərinə görə, söhbət dövlət reyestrlərində yerləşən məlumatlardan gedir.

Litva Baş Prokurorluğu daşınmaz əmlak reyestrindən 600 mindən çox qeydin, o cümlədən mülkiyyətçilərin şəxsi identifikasiya kodlarının sızdırılması ilə bağlı araşdırma aparır.

Nazir qeyd edib ki, bu məlumatların dövlətə qarşı fəaliyyət göstərən düşmən qüvvələrin maraqları üçün istifadə oluna biləcəyi ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının qiymətləndirməsinə əsasən, oğurlanmış məlumatlar belə strukturların əlinə keçmiş ola bilər.

Daha əvvəl Litva Prezidenti Gitanas Nauseda da məlumat sızmasının qurbanı olduğunu bildirmişdi. O, baş verənləri “düşmən dövlətlərin fəaliyyəti” ilə əlaqələndirmişdi.

Rəsmi məlumatlara görə, sızma ölkənin silahlı qüvvələrinin baş komandanına, bir sıra nazirlərə, deputatlara, iş adamlarına və xüsusi xidmət əməkdaşlarına da təsir edib.

İstintaq müəyyən edib ki, icazəsiz girişlər Miqrasiya Departamentinin əməkdaşlarına məxsus hesablar vasitəsilə xaricdən həyata keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə bir vətəndaşın dövlət qurumunun niyə onun əmlakı ilə maraqlandığını araşdırmağa başlamasından sonra üzə çıxıb.

İlkin məlumata əsasən, məlumatların oğurlanması ilin əvvəlində baş verib, sızma faktı isə aprelin əvvəlində aşkar olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Budris  


Bizi "telegram"da izləyin