Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Sinqapurda keçirilən Şanqri-La Dialoqu konfransında çıxış edən Heqset qeyd edib ki, Asiya-Sakit okean regionunda Çinin genişmiqyaslı hərbi potensial artımı ilə bağlı “əsaslı narahatlıq” mövcuddur.
Onun sözlərinə görə, Çin də daxil olmaqla heç bir dövlət regionda dominantlıq etməyə çalışmamalıdır, çünki bu, qüvvələr balansını pozacaq.
Heqset vurğulayıb ki, ABŞ və onun müttəfiqləri mümkün təcavüzün qarşısını almaq üçün birgə fəaliyyət göstərməlidirlər. Pentaqon rəhbəri bildirib ki, Vaşinqton tərəfdaş ölkələrdən müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı gözləyir.
O eyni zamanda ABŞ Silahlı Qüvvələrinə böyük həcmdə investisiyaların qoyulacağını da açıqlayıb. Heqset çıxışı zamanı obrazlı ifadədən istifadə edərək “daha az konfrans, daha çox gəmi və sualtı qayıq” lazım olduğunu bildirib.
Onun fikrincə, əsas diqqət hərbi potensialın praktiki şəkildə gücləndirilməsinə yönəldilməlidir. Bununla yanaşı, ABŞ müdafiə naziri qeyd edib ki, hazırda Vaşinqtonla Pekin arasındakı münasibətlər nisbətən sabit olaraq qalır.
O əlavə edib ki, tərəflər arasında hərbi əlaqə kanalları əvvəlki dövrlərlə müqayisədə daha fəal işləyir.
Sevinc Əliyeva
Ordu.az