HAVELSAN-ın süni zəka dəstəkli rəqəmsal müşahidə sistemi dənizləri daha təhlükəsiz edəcək

2026/05/1780132758.jpg
Oxunub: 470     13:17     30 May 2026    
Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan HAVELSAN tərəfindən hazırlanan yeni nəsil vəziyyət məlumatlılığı sistemi BLUEVISION süni zəka və kompüter görmə texnologiyaları ilə dənizçilik sahəsində yeni imkanlar yaradır.

Ordu.az xəbər verir ki, HAVELSAN proqram təminatı əsaslı həllərinə daha bir məhsul əlavə edib.

BLUEVISION sisteminin iri ticarət gəmilərindən lüks yaxtalara, insansız dəniz platformalarından hərbi platformalara qədər geniş istifadə sahəsinə malik olması və dəniz təhlükəsizliyini maksimum səviyyəyə çatdırması nəzərdə tutulur.

Vəziyyət məlumatlılığını artıran rəqəmsal müşahidəçi

BLUEVISION dəniz nəqliyyatında vəziyyət məlumatlılığını artırmaq məqsədilə modul qərar dəstəyi və naviqasiya yardım sistemi kimi hazırlanıb. Sistem ənənəvi üsullardan fərqli olaraq yalnız kamera görüntülərindən istifadə etmir.

AIS (Avtomatik Tanıma Sistemi) sensorlarından əldə edilən məlumatlarla kamera görüntülərini birləşdirərək “təhlükəsiz dəniz mənzərəsi” formalaşdırır. Sistemin ən diqqətçəkən xüsusiyyəti radarların aşkar etməkdə çətinlik çəkdiyi və ya ümumiyyətlə görə bilmədiyi kiçik qayıqlar, şamandıralar və su üzərində olan insanları real vaxt rejimində müəyyən edə bilməsidir.

Süni zəka dəstəkli qabaqcıl arxitektura

Modul quruluşa malik olan sistem müxtəlif platformalara asan inteqrasiya imkanı yaradır. BLUEVISION qabaqcıl kompüter görmə və ağıllı məlumat birləşdirmə texnologiyaları əsasında hazırlanıb. Sistem termal və gündüz kameraları, yüksək məhsuldarlıqlı süni zəka emal bloku və sensorlu görüntüləmə panelindən ibarətdir.

BLUEVISION gecə və gündüz şəraitində tam funksional fəaliyyət göstərə bilir. Canlı video görüntülərinin üzərinə rəqəmsal məlumatların əlavə olunması sayəsində operatora real vaxt rejimində məlumat təqdim edilir.

Sistem gəmi, qayıq, şamandıra və digər suüstü obyektləri avtomatik təsnif edir və onların coğrafi mövqeyini yüksək dəqiqliklə müəyyənləşdirir. Toqquşma riski yarandıqda operatora səsli və vizual xəbərdarlıqlar göndərərək “rəqəmsal müşahidəçi” funksiyasını yerinə yetirir.

SANCAR SİDP-də istifadəyə verilib

BLUEVISION qısa müddət ərzində mühüm platformalarda istifadəyə başlanılan sistemlərdən birinə çevrilib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul edilən SANCAR Silahlı İnsansız Dəniz Platforması avtonom naviqasiya və axtarış-xilasetmə missiyalarında BLUEVISION texnologiyasından istifadə etməyə başlayıb.

Sistem HAVELSAN-ın ADVENT Döyüş İdarəetmə Sistemi ilə tam inteqrasiya olunaraq avtonom üzmə təhlükəsizliyini təmin edir. Bundan əlavə, “VN Maritime” və “Piloda Shipyard” şirkətlərinin əməkdaşlığı çərçivəsində RAFNAR qayıqlarına inteqrasiya edilən sistem ticarət konteyner gəmilərində də ekipajın istifadəsinə təqdim olunub.

Dəniz əməliyyatlarının səmərəliliyini artıracaq

HAVELSAN bildirir ki, BLUEVISION yalnız standart naviqasiya vasitəsi deyil.

Sistem kəşfiyyat, müşahidə və tanıma, axtarış-xilasetmə (SAR) və hətta sualtı qayıqlar üçün periskop müşahidəsi kimi xüsusi modulları da özündə birləşdirən kompleks həll təqdim edir. Daim öyrənən və proqram yeniləmələri vasitəsilə yeni ssenarilərə uyğunlaşan sistem insan faktorundan qaynaqlanan səhvləri minimuma endirərək dəniz əməliyyatlarının effektivliyini artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HAVELSAN   BLUEVISION   Türkiyə  


Bizi "telegram"da izləyin