Cənubi Koreya müdafiə naziri: “Özünümüdafiə imkanlarımızı gücləndirməklə yanaşı ABŞ ilə ittifaqı da möhkəmləndiririk”

2026/05/1780129934.jpg
Oxunub: 404     12:24     30 May 2026    
Cənubi Koreyanın müdafiə naziri An Gyu Bek ölkəsinin müdafiə imkanlarını gücləndirməyə davam etdiyini və eyni zamanda ABŞ ilə müttəfiqliyi daha da dərinləşdirdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, nazir bu barədə Sinqapurda keçirilən Şanqri-La Dialoqu kimi tanınan Asiya Təhlükəsizlik Sammitində çıxışı zamanı danışıb.

An Gyu Bek bildirib ki, Şimali Koreyanın Rusiya ilə yaxınlaşması və Ukraynadakı müharibədə qazandığı döyüş təcrübəsi yalnız Koreya yarımadası üçün deyil, bütövlükdə Hind-Sakit okean regionu üçün yeni təhlükə yaradır.

“Şimali Koreyanın hərbi gücünü artırması, nüvə və raket imkanlarını inkişaf etdirməsi bütün Hind-Sakit okean regionunda qeyri-sabitliyi artırır. Koreya yarımadasında baş verən proseslər qlobal təhlükəsizlik üçün əsas amillərdən birinə çevrilib”, - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Cənubi Koreya ABŞ ilə ittifaqını gücləndirməklə yanaşı, özünümüdafiə imkanlarını da inkişaf etdirməyə davam edəcək.

Nazir qeyd edib ki, ABŞ ilə birgə müdafiə mövqeyini qorumaqla yanaşı, Cənubi Koreya üçtərəfli müdafiə sistemi və ABŞ-nin genişləndirilmiş çəkindirmə imkanlarının gücləndirilməsi hesabına hərbi potensialını artırır.

Şimali Koreyaya qarşı nəzərdə tutulan üçtərəfli müdafiə sistemi KAMD çoxtəbəqəli raketdən müdafiə sistemi, “Kill Chain” qabaqlayıcı zərbə platforması və Koreya Kütləvi Cəzalandırma və Cavab Sistemi komponentlərindən ibarətdir.

Genişləndirilmiş çəkindirmə isə ABŞ-nin müttəfiqlərini müdafiə etmək üçün nüvə silahları da daxil olmaqla bütün hərbi imkanlarından istifadə etməyə hazır olması anlamına gəlir.

An Gyu Bek bildirib ki, dəyişən müharibə konsepsiyalarına uyğun olaraq Cənubi Koreya süni zəka əsaslı sistemlər, pilotsuz uçuş aparatları və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri vasitəsilə “ağıllı ordu” qurur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   ABŞ  


Bizi "telegram"da izləyin