Yaxın Şərqdə gecə ərzində baş verən əsas hadisələr məlum olub

2026/05/1780119077.jpg
Oxunub: 464     09:20     30 May 2026    
Yaxın Şərqdə vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. İranla ABŞ arasında aparılan danışıqlarla bağlı məlumatlar yalnız dialoqun bərpası cəhdlərini əks etdirir.

Ordu.az mayın 30-na keçən gecə regionda baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.

Məlumata görə, İsrail elan olunmuş atəşkəsə baxmayaraq Livan ərazisinə zərbələr endirməkdə davam edir ki, bu da atəşkəs rejiminin faktiki olaraq pozulduğunu göstərir.

Ümumilikdə region uzunmüddətli eskalasiya vəziyyətində qalır və gərginliyin daha da artması riski davam edir.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, istənilən razılaşmanın şərtlərini “döyüş meydanında qalib gələn” İran müəyyən edəcək.

Onun sözlərinə görə, danışıqlar yalnız həqiqətən müzakirə mövzusu olan məsələlər ətrafında aparıla bilər, ABŞ Prezidenti Donald Trampın “istəkləri” və ya “fantaziyaları” ətrafında deyil.

Bundan başqa, “The New York Times” nəşrinin məlumatına görə, Donald Tramp İranla mümkün razılaşma məsələsinə həsr edilmiş iki saatlıq görüşü heç bir qərar qəbul etmədən tərk edib.

ABŞ Prezidentinin niyə qərar vermədiyi açıqlanmayıb.

ABŞ-nin maliyyə naziri Skott Bessent isə İrana qarşı tətbiq edilən məhdudiyyətlərin hər hansı ləğvinin mərhələli şəkildə həyata keçiriləcəyini bildirib.

O, həmçinin Donald Trampın İran İslam Respublikasına qarşı başladığı iqtisadi kampaniya çərçivəsində ABŞ hakimiyyətinin İrana məxsus 1 milyard dollar dəyərində kriptovalyuta aktivinə həbs qoyduğunu açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   ABŞ  


Bizi "telegram"da izləyin