Ordu.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Aİ adından yaydığı bəyanatda bildirilib.
“Avropa İttifaqı 2026-cı il mayın 29-da baş vermiş ağır insidenti qətiyyətlə pisləyir. Həmin insident zamanı Ukraynaya gecə saatlarında həyata keçirilən hücumun bir hissəsi olan partlayıcı maddələrlə təchiz edilmiş Rusiya pilotsuz uçuş aparatı Rumıniyanın Qalats şəhərində yerləşən yaşayış binasına çırpılıb.
Avropa İttifaqı Rumıniya və bu hadisədən zərər çəkən şəxslərlə tam həmrəylik nümayiş etdirir”, - deyə Kaya Kallas bildirib.
Onun sözlərinə görə, bu məsuliyyətsiz hərəkət Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibənin bir hissəsidir və buna görə tam məsuliyyət Rusiya daşıyır.
Kallas vurğulayıb ki, Avropa İttifaqı bu cür təhdidlərdən qorunmaq üçün səyləri artırmağa hazırdır.
“Rusiyanın Avropanın hava məkanını davamlı şəkildə pozması Ukraynanı və Ukrayna xalqını Rusiyaya qarşı müdafiədə, eləcə də hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaq istiqamətində dəstəkləmək əzmimizi daha da gücləndirir.
Buna uyğun olaraq, Rusiya üçün müharibənin xərcini artıracaq və sanksiyaları gücləndirəcəyik.
Həmçinin beynəlxalq tərəfdaşlarımızla birlikdə bu müharibəyə son qoymaq üçün Rusiyaya təzyiq göstərmək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - deyə bəyanatda qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az