Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşrə görə, Mandalyan martın 6-da Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının darvazası istiqamətində yandırıcı maddə ilə dolu butulka atdıqdan sonra həbs olunub.
“Hüquq-mühafizə orqanları onun əməlini terror aktı kimi qiymətləndirib və barəsində ictimai cinayət təqibi başladılıb. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha iki ay uzadıb. Hazırda o, “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılır.
Yaxın günlərdə istintaqın başa çatdığı elan ediləcək və cinayət işi ittiham aktı ilə birlikdə prokurorluğa, daha sonra isə məhkəməyə göndəriləcək.
Mandalyan iş üzrə yeganə təqsirləndirilən şəxs hesab olunur. Məlumata görə, istintaq zamanı onun atası da dindirilib. Ata ifadəsində oğlunun psixi sağlamlıq problemlərinin olduğunu və bunun birgə yaşayış dövründə davranışlarında özünü göstərdiyini bildirib”, - deyə nəşr bildirib.
Raffi Mandalyanın vəkili Hraç Arakelyan qəzetə açıqlamasında bildirib ki, müdafiə tərəfi məhkəmə-psixoloji ekspertiza təyin olunması barədə vəsatət qaldırsa da, bu tələb rədd edilib. Səbəb kimi Mandalyanın psixi problemlərlə bağlı hər hansı tibbi sənədinin olmaması və heç bir tibb müəssisəsində qeydiyyatda durmaması göstərilib.
Erməni vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs ittihamı qəbul etmir və hadisə ilə diqqət çəkməyə, narazılığını ifadə etməyə çalışdığını bildirib.
Alpər Mövludoğlu
Ordu.az