Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Gürcüstan tərəfi münasibətlərin yenidən qurulmasına və strateji tərəfdaşlığın konkret yol xəritəsi əsasında yenilənməsinə hazır olduğunu bir daha təsdiqləyib.
“Bu həftə kifayət qədər maraqlı görüşlər keçirdik. Gürcüstan-ABŞ münasibətlərinin yenidən qurulması ilə bağlı müxtəlif mövzular müzakirə olundu. Biz amerikalı tərəfdaşlara münasibətləri yenidən qurmağa və strateji tərəfdaşlığı konkret yol xəritəsi ilə bərpa etməyə hazır olduğumuzu bir daha çatdırdıq”, - deyə Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, Gürcüstan tərəfi ABŞ nümayəndələri ilə 2028-ci ilin oktyabrında keçiriləcək seçkilərə hazırlıq məsələsini də müzakirə edib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan-ABŞ münasibətlərində yaranmış problemlər əvvəlki ABŞ administrasiyasının ədalətsiz siyasətinin nəticəsi olub.
“Əvvəlki administrasiya son dərəcə ədalətsiz davranırdı. Bu barədə yeni administrasiyanın nümayəndələri ilə açıq danışdıq. Ədalətsizlik nəticəsində pozulan münasibətlər yalnız ədalətli yanaşma ilə düzələ bilər. Münasibətlərin yenidən qurulmasına hazırıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az