Kobaxidze: “Avropa bürokratiyası Gürcüstan xalqının yanında olduğunu əməli addımlarla göstərməlidir”

2026/05/1779988701.jpg
Oxunub: 336     21:09     28 May 2026    
“Hamı milli maraqlarımızın qorunmasında ardıcıl olmalıdır. Konkret məsələlərlə bağlı yalnız bəyanatlar verilməməlidir. Avropa bürokratiyası Gürcüstan xalqının tərəfində dayandığını əməli addımlarla göstərməlidir”.

Ordu.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərin suallarını cavablandırarkən deyib.

Jurnalist Kobaxidzeyə Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallasın “Avropa İttifaqı Ukrayna ilə bağlı danışıqlar çərçivəsində Rusiyadan ordusunun azaldılmasını, Moldova və Gürcüstandan qoşunlarını çıxarmasını tələb edə bilər. Bu, Avropa təhlükəsizliyinin maraqlarına uyğundur” fikri ilə bağlı sual ünvanlayıb.

Kobaxidze bildirib ki, bu cür bəyanatlar müsbət olsa da, real addımlar daha vacibdir.

“Belə danışıq özlüyündə yaxşıdır, amma məşhur bir ifadə var: and içməyə inanıram, sonrakı addımlar isə məni təəccübləndirir. Milli maraqlarımızın qorunmasından danışılırsa, bunun ardınca başqa addımlar da atılmalıdır və ölkəyə süni şəkildə əlavə risklər yaradacaq qərarlar qəbul edilməməlidir”, - deyə Baş nazir vurğulayıb.

O qeyd edib ki, Avropa bürokratiyası indiyədək Gürcüstan xalqının və ölkənin milli maraqlarının əksinə mövqe sərgiləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Gürcüstan  


Bizi "telegram"da izləyin