Ermənistan Ordusunun arsenalında yeni Çin silahı: Paraddakı “Nizak” raket kompleksinin gizlinləri üzə çıxdı

2026/05/22222-1779982485.jpg
Oxunub: 1723     19:05     28 May 2026    
Ermənistanda keçirilən hərbi paradda diqqətçəkən hərbi texnikaların mənşəyi məlum olub.

Ordu.az-ın araşdırmalarına görə, Ermənistan Müdafiə Nazirliyinin yerli istehsal kimi qələmə verməyə çalışdığı və rəsmən “Nizak” adı ilə təqdim etdiyi tank əleyhinə raket sisteminin əslində Çin istehsalı GAM-102LR kompleksi olduğu məlum olub.

Məlumatlara görə, Ermənistan son iki ildə arsenalını şaxələndirmək məqsədilə Çinin “Poly Defense” (Poly Technologies) şirkəti ilə qapalı danışıqlar aparıb. Beynəlxalq bazara yalnız 2025-ci ildə çıxarılan bu yeni nəsil silahların Ermənistana tədarükü olduqca gizli saxlanılsa da, bugünkü paradda rəsmən ictimaiyyətə nümayiş etdirilib. Rəsmi İrəvanın silahın orijinal Çin adı əvəzinə ermənicə “Nizak” adından istifadə etməsinin əsas səbəbi Pekini beynəlxalq diplomatik təzyiqlərdən qorumaq və tədarükçü ölkənin adını gizlətmək cəhdidir.

Sözügedən raket sistemi xarici görünüşünə, silindrik boru və üçayaqlı dəzgah (tripod) quruluşuna görə köhnə “Milan” sistemlərini xatırlatsa da, daxili texnologiyasına görə tamamilə fərqli 5-ci nəsil silahdır. Paraddakı kadrlar göstərir ki, Ermənistan ordusu bu ağır (təxminən 52 kq) sistemləri piyadaların daşıması çətin olduğu üçün Hindistan istehsalı olan “Tata Yodha” tipli yüngül yolsuzluq (pikap) avtomobillərinin üzərinə vahid mobil platforma kimi inteqrasiya edib. Bu addım dağlıq relyefdə “atəş aç və qaç” taktikası ilə mobil pusqu qrupları yaratmaq məqsədi daşıyır.

GAM-102LR sistemi 10 kilometrdən çox məsafədəki zirehli hədəfləri “atdın-unutdun” prinsipi və tankların ən zəif nöqtəsi olan üst zirehi hədəf alan “yuxarıdan zərbə” funksiyası ilə vurmaq qabiliyyətinə malikdir. Lakin bu silah tam qüsursuz deyil. 2025-ci ilin dekabrında Kamboca və Tailand sərhədində baş verən toqquşmalarda Kamboca ordusu bu mürəkkəb sistemi idarə edə bilməyərək, bir dənə də olsun raket ata bilmədən atıcı qurğuları döyüş meydanında qoyub qaçmışdı. Bundan əlavə, sistemin simsiz radio-kanal (data-link) ilə idarə olunması onun Radioelektron Mübarizə (REMR) sistemlərinə qarşı yüksək həssaslığını və zəifliyini ortaya qoyur.

Qeyd edək ki, Ermənistanın bu tədarükü Azərbaycan üçün kritik təhlükə yaratmır. Azərbaycan Ordusunun arsenalındakı İsrail istehsalı “Spike-NLOS” sistemləri 32 km-ə qədər mənzili və optik-lifli kabel idarəetməsi ilə Çin analoqunu bütün parametrlərdə üstələyir. Eyni zamanda, Azərbaycan Ordusunun sahib olduğu “Bayraktar Akıncı”, “Harop” kimi PUA-lar və müasir HHM/REM şəbəkəsi Ermənistanın bu yüngül pikaplarını hələ onlar mövqe tutub atəş açmağa macal tapmadan uzaq məsafədən aşkarlayıb məhv etmək iqtidarındadır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   GAM-102LR   TƏİRK   Çin  


Bizi "telegram"da izləyin