Ordu.az xəbər verir ki, bu barədə Almaniya və Niderland cümə axşamı açıqlama yayıb.
“Reuters” agentliyinin məlumatına görə, hazırda Baltikyanı üç ölkədə və Polşanın şimalında NATO qüvvələri vahid çoxmillətli qərargahın komandanlığı altındadır.
İkinci komanda zonasının yaradılması Şimali Atlantika Alyansına Baltikyanı ölkələrə daha çox qüvvə göndərmək imkanı verə bilər.
NATO bəyan edib ki, Moskva silahlanma səylərini davam etdirərsə, artıq 2029-cu ildə müttəfiqlərin ərazisinə genişmiqyaslı hücum həyata keçirə bilər. Kreml isə bu niyyəti rədd edir.
Bu həftənin əvvəlində “Reuters”in yazdığı və cümə axşamı təsdiqlənən dəyişikliklər Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Baltikyanı ölkələrin strateji əhəmiyyətini bir daha göstərir.
Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, Almaniya-Niderland korpusunun NATO müdafiə planlarına inteqrasiyası ilə hər iki ölkə Avropanın təhlükəsizliyi üçün əlavə məsuliyyət götürür.
Nazirin sözlərinə görə, korpusun tərkibinə 16 ölkə daxildir.
ABŞ Prezidenti Donald Trampın NATO üzvlərini hərbi güclərini artırmamaqda ittiham etməsindən sonra Avropanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində təzyiq daha da artıb.
Tam döyüş hazırlığı vəziyyətində ordu korpusu adətən üç diviziya və ya 40-60 min hərbçiyə komandanlıq edir.
Sülh dövründə isə o, artilleriya, hava hücumundan müdafiə sistemləri və tibbi xidmət kimi ixtisaslaşmış funksiyalara malik çərçivə komanda strukturu kimi fəaliyyət göstərir və bu da lazım gəldikdə qüvvələrin sürətlə yerləşdirilməsinə imkan yaradır.
Almaniyanın Münster şəhərində yerləşən Almaniya-Niderland korpusu ilin ortalarından etibarən Estoniya və Latviyada taktiki qərargah rolunu öz üzərinə götürəcək.
Bu barədə Almaniya və Niderlandın müdafiə nazirliklərinin birgə bəyanatında bildirilib. Polşanın Şetsin şəhərində yerləşən və təxminən 20 ölkənin daxil olduğu “Şimal-Şərq” çoxmillətli korpusu indiyədək bütün regiona cavabdeh idi.
Həmin korpus 2017-ci ildə Rusiyanın Krımı ilhaq etməsinə cavab olaraq yaradılmışdı. Baltikyanı ölkələrin müdafiəsinə cavabdeh ikinci korpus NATO-ya “qüvvə kütləsini” sürətlə regiona yerləşdirmək imkanı verəcək.
Qərbli hərbi rəsmilərin sözlərinə görə, Rusiya Baltikyanı ölkələrin sərhədləri yaxınlığında hərbi infrastruktur qurmağa başlayıb.
Bildirilir ki, Leninqrad və Moskva hərbi dairələrində yeni kazarmalar tikilir və Ukraynadan qayıdacaq Rusiya qoşunlarının həmin ərazilərdə yerləşdirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az