“Qazın qiymətini üçqat ödəməyə hazırıq ki, Nikol həmin kresloda qalsın?” - Köçəryan

2026/06/1780587989.jpg
Oxunub: 284     19:55     04 İyun 2026    
“Qazın qiymətini üçqat ödəməyə hazırıq ki, Nikol həmin kresloda qalsın? Mövcud hakimiyyət Ermənistan üçün Ukraynanın və Saakaşvili dövründəki Gürcüstanın taleyini hazırlayıb”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan Göyçə şəhərinin sakinləri ilə görüşü zamanı bildirib.

Erməni siyasətçi qeyd edib ki, hazırkı hakimiyyət seçki kampaniyasını zəhərlə dolu siyasi prosesə çevirmək, onu yalan və nifrətlə doldurmaq, vətəndaşları yenidən bir-birinə qarşı qoymaq üçün hər şeyi edib.

Onun sözlərinə görə, hakimiyyət ölkəni zəhərləməklə yanaşı, Ermənistanı Rusiya ilə Avropa İttifaqı arasındakı ziddiyyətlərin mərkəzinə yerləşdirib.

“Mən dəfələrlə demişəm ki, bu, ölkə üçün çox pisdir. Onlar Ermənistan üçün Ukraynanın və ya Saakaşvili dövründəki Gürcüstanın taleyini seçiblər. Bizə bu lazım deyil və biz bunu rədd edirik. Heç kim bunun nəyə görə lazım olduğuna aydın cavab verə bilmir. Nəticələr artıq görünür”, - deyə Köçəryan bildirib.

O vurğulayıb ki, bu prosesin davam etməsi kənd təsərrüfatının məhvinə gətirib çıxarır və yüz minlərlə insan bundan zərər görəcək.

“Nəyə görə? Nikolun öz kreslosunu qoruması üçün?”, - deyə erməni siyasətçi sual verib.

Köçəryan xatırladıb ki, Rusiyada artıq qazın qiymətinin üç dəfə artırılması ehtimalı ilə bağlı bəyanatlar səslənir.

Onun sözlərinə görə, mövcud hakimiyyəti hakimiyyətdən uzaqlaşdırmaq lazımdır.

Erməni siyasətçi Gürcüstan nümunəsindən dərs götürməyi təklif edib. O qeyd edib ki, qonşu ölkə Saakaşvilidən bezdikdən sonra Rusiyaya qarşı ikinci cəbhə açılması cəhdlərini rədd edib, balanslaşdırılmış siyasət seçib və bir çox problemlərdən yayına bilib.

“Onlar hətta öz təcrübələrindən də nəticə çıxarmırlar. Avantürist Qarabağı təhvil verdi, sonra da səhv etdiyini dedi. Bunun isə onun üçün heç bir nəticəsi olmadı”, - deyə Köçəryan qeyd edib.

O bildirib ki, Paşinyanın xidməti xərcləri anlaşılmaz “xidmətlərinə” görə özündən əvvəlki rəhbərlərə ayrılan dövlət vəsaitlərindən beş dəfə çoxdur.

“Amma bir işi çox yaxşı bacarır. Mənim dövrümdə cərimələrin həcmi 3,5 milyard dram idi. İndi isə 28 milyarddır. Paşinyan vətəndaşları cərimə materialına çevirib. Haradan daha çox pul qoparmağın yollarını axtarır ki, daha böyük zərər vursun”, - deyə erməni siyasətçi bildirib.

Köçəryan vurğulayıb ki, Ermənistanın bir problemi var və onun adı-soyadı Nikol Paşinyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin