Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Hakimiyyətə yaxın bloger 44 günlük müharibədə ölən Ermənistanın “milli qəhrəmanı”nı Hadrutu saxlamamaqda ittiham edib” başlıqlı məqaləsində yazıb.
Məqalə müəllifi bildirib ki, əvvəllər də müəyyən qeydlər edilsə də, Asatryanın adının lazımsız yerə hallandırılmaması üçün bunlara toxunmayıblar, lakin indi qısa da olsa bu məsələyə qayıtmaq qərarına gəliblər və bunun əsaslı səbəbi var.
Müəllif qeyd edib ki, aprelin 30-da Nikol Paşinyana yaxın erməni bloger Roman Bağdasaryanın paylaşımı diqqətini çəkib.

“Həmin paylaşımda Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Ermənistanın “milli qəhrəmanı” Vahaqn Asatryan Hadrutu döyüşsüz tərk etməkdə ittiham olunub. Eyni ittiham digər komandir Karen Hayrapetyana qarşı da səsləndirilib.
Müvafiq addımlardan sonra həmin paylaşım silinib. Lakin müəllif bu məsələyə ona görə qayıtdığını vurğulayıb ki, bloger həmin məlumatların 44 günlük müharibə ilə bağlı yazdığı kitabda da yer aldığını qeyd edib.
44 günlük müharibə haqqında kimlərin kitab yazdığı göz qabağındadır, keçmiş hərbi rəhbərlik isə susur, dövlət sirri prinsiplərindən danışır, hakimiyyət isə istintaq komissiyasının hesabatını dərc etmək istəmir”, - deyə məqalədə bildirilib.
Müəllif yazıb ki, Vahaqn Asatryan haqqında səsləndirilən bu ittihamları oxuyarkən ilk yada düşən onun anası Sima Petrosyanın “Yerablur”da danışdığı sözlər olub.
“Artıq Hadrutda olanda, ayın 11-nə keçən gecə danışığımız zamanı uzun söhbət etdik. Yorğun idi, amma suallarıma cavab verirdi. Dedi ki, “ana, mən Hadrutdayam, Hadruta girə bilməzlər, hər şey qaydasındadır”.
İlk dəfə idi ki, ona “oğlum, ailən. həyat yoldaşın, oğulların sənin üçün darıxıb” dedim. Cavab verdi ki, “ana, Simam, gələ bilmərəm, qoşunu qoyub gəlmək mümkün deyil”. Mən bilirdim ki, Azərbaycan onu məhv etmək istəyir. Onların bütün rabitə danışıqlarında bu barədə danışılırdı”, - deyə Vahaqn Asatryanın anası bildirib.
Məqalədə qeyd olunub ki, Ermənistanın “milli qəhrəmanı”, erməni polkovnik Vahaqn Asatryan 2020-ci il oktyabrın 12-də ölüb və bundan sonra onun bölməsi faktiki olaraq mənəvi baxımdan “məhv edilib”. Həmin gün həmçinin erməni polkovnik-leytenant, kəşfiyyatçı Vahaqn Tumasyan və mayor Levon Avetisyan da məhv ediliblər.

Müəllif daha sonra Roman Bağdasaryanın kitabında yer alan başqa bir iddiaya diqqət çəkib. Bildirilib ki, erməni bloger Hadrutla bağlı məlumatların 95 faizinin Artsrun Hovhannisyana yalan şəkildə çatdırıldığını və bunun nəticəsində erməni xüsusi təyinatlıların öldüyünü yazıb.
“Burada hakimiyyətə yaxın bloger Peqovu da ittihamedici tonda xatırlamağı unutmayıb”, - deyə məqalədə vurğulanıb.
Müəllif qeyd edib ki, həmin Peqov 44 günlük müharibə zamanı təkcə “Qarabağ rəhbəri” (ağırm cinayətlərə görə həbs edilmiş erməniəsilli şəxs-red.) Arayik Harutyunyanla deyil, həm də Artsrun Hovhannisyanla sıx təmasda olub.

“Bundan başqa, Arayik Harutyunyanın verdiyi məlumatlara Nikol Paşinyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanın məlumatlarından daha çox inanırdı.
Xatırladaq ki, müharibə zamanı xarici KİV nümayəndələri, şübhəli blogerlər və hakimiyyətə yaxın şəxslər döyüş bölgələrinə daxil ola bilirdilər. Halbuki Ermənistan mediasına hətta təsdiqlənmiş məlumatları yaymaq baxımından məhdudiyyətlər qoyulmuşdu.
Burada başqa bir məqama da toxunaq. 2020-ci il oktyabrın 9-da Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan sosial şəbəkədə foto paylaşaraq “Komandirlə birlikdə” yazmışdı.

Bu o deməkdir ki, oktyabrın 9-da və ya ondan əvvəl əməliyyat planı hazırlanırdı, lakin oktyabrın 10-da “müdafiə ordusu”nun (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) müdafiə rayonlarından birinin komandiri ayrıca alayın komandiri vəzifəsini icra etməkdən imtina edib və səhlənkarlıq göstərib. Müharibədən sonra məhz bu ittihamla ona qarşı cinayət işi açılıb”, - deyə nəşr bildirib.
Məqalədə sual olunur ki, Yayloyan niyə alay komandiri vəzifəsindən imtina edib? Müəllif ehtimal edir ki, bəlkə də o, Qarabağın cənub bölgələrini və Hadrut ərazisini kifayət qədər tanımayıb. Bildirilir ki, Yayloyan Qarabağa İrəvandan gedib, bundan əvvəl isə Mehridə qulluq edib. Müəllif digər problemlərin də ola biləcəyini istisna etmir.
Daha sonra qeyd olunub ki, müəyyən müddət sonra 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində təqsirləndirilən erməni polkovnikə qarşı cinayət təqibi dayandırılıb.
“Maraqlıdır ki, ona qarşı irəli sürülən ittiham onun Ermənistan Silahlı Qüvvələrinin cənub-qərb sərhəd zonasında xidmətini davam etdirməsinə mane olmayıb. Daha sonra ona Baş Qərargahda vəzifə də verilib və o, Suren Papikyanın yaxın adamlarından biri hesab olunur”, - deyə məqalədə vurğulanıb.
Müəllif daha sonra Vahaqn Asatryanın şəxsiyyətinə qayıdaraq bildirib ki, “onun kimi komandirlər çox az olur” (guya-red.) və indi keçmişi şübhəli olan hansısa bloger Hadrutun itirilməsinin məsuliyyətini ölmüş “ən yaxşı komandirlərdən biri”nin üzərinə qoymağa çalışır.
“Asatryanın ölüm şəraiti də ayrıca araşdırılmalıdır. Çünki onun rəqibin hədəfində olduğu, müharibə zamanı isə erməni tərəfdən rəqiblə əməkdaşlıq edən şəxslərin mövcud olduğu iddia edilib.
Hadrutla bağlı bütün epizodlar, eləcə də Şuşanın itirilməsi məsələsi bir gün hərbi və hüquqi baxımdan ətraflı araşdırılmalıdır. Hakimiyyət müxtəlif dövrlərdə Hadrutun itirilməsinin məsuliyyətini müxtəlif şəxslərin üzərinə atmağa çalışıb. 44 günlük müharibənin səhifəsi bağlanmayıb. Bir gün bütün epizodlar hərbi və hüquqi araşdırmadan keçməlidir. Bu gün həm hüquqi, həm də faktiki “qəhrəmanlarımız”ın nüfuzdan salınmasına laqeyd yanaşmamalıyıq”, - deyə məqalədə bildirilib.
Alpər Mövludoğlu
Ordu.az