Zaxarova: “Ermənistanın rus müşahidəçilərlə bağlı mövqeyi Avropa İttifaqı qarşısında itaətkarlıqdır”

2026/05/1779979906.jpg
Oxunub: 324     18:48     28 May 2026    
“Ermənistanın bir sıra rusiyalı müşahidəçilərin parlament seçkilərində akkreditasiyasını rədd etməsi Moskvada dərin təəssüf və təəccüb doğurub”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

“Ermənistan qeyri-rəsmi şəkildə iyunda keçiriləcək parlament seçkilərinin müşahidə missiyası siyahılarına Rusiya vətəndaşlarının daxil edilməsinin arzuolunmaz olduğunu bildirib. Rus müşahidəçilərin siyahıları akkreditasiya prosesindən keçmək üçün müəyyən edilmiş qaydada göndərilmişdi. Hər şey Ermənistan tərəfinin tələb etdiyi kimi edilmişdi”, - deyə diplomat qeyd edib.

Zaxarovanın sözlərinə görə, Ermənistan tərəfi həqiqətən də qeyri-rəsmi şəkildə missiyanın tərkibində bəzi Rusiya vətəndaşlarının iştirakını arzuolunmaz hesab etdiyini bildirib.

O qeyd edib ki, söhbət Dövlət Dumasının üç deputatı və Qaraçay-Çərkəz Respublikasının Seçki Komissiyasının bir nümayəndəsindən gedir.

“Rusiyalıların akkreditasiyasının rədd edilməsi qərarı bizdə dərin təəssüf və təəccüb doğurur. Amma bundan əlavə, biz bu məntiqi qəbul etməyə hazır deyilik və bunu İrəvanla gələcək işimizdə nəzərə almağa məcbur olacağıq”, - deyə Zaxarova vurğulayıb.

Diplomat bildirib ki, həmin şəxslərə qarşı belə qeyri-dost addımların atılmasının səbəbi anlaşılmazdır.

“Onların Ermənistan qarşısında nə kimi günahı ola biləcəyini təsəvvür belə etmirik”, - deyə o əlavə edib.

Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, söhbət heç bir “qara siyahı”da və ya ölkəyə girişinə qadağa qoyulmuş şəxslərdən getmir.

“Onların heç vaxt Ermənistana səfərlə bağlı problemi olmayıb. Mən onlardan bəzilərini şəxsən tanıyıram. Onlar öz işlərinin gözəl mütəxəssisləridir və Ermənistanı sevir, hörmət edirlər”, - deyə Zaxarova qeyd edib.

Diplomat əlavə edib ki, yalnız bir ehtimal irəli sürə bilər.

“Mən yalnız ehtimal edə bilərəm ki, həmin şəxslər Avropa İttifaqının sanksiya siyahısındadır və bu, rəsmi İrəvanın Avropa İttifaqındakı “böyük dostları” qarşısında itaətkarlıq nümayiş etdirməsidir”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçkilərdə iştirak etmək üçün Ermənistan Mərkəzi Seçki Komissiyasına 18 siyasi qüvvə müraciət edib.

Təsdiqlənmiş siyahıya əsasən, seçkilərdə 16 partiya və 2 blok iştirak edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin