Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ideya həyata keçirilərsə, Tramp son 150 ildə sağlığında təsviri dollar üzərində yerləşdirilən ilk şəxs olacaq.
Nəşr bildirir ki, təşəbbüsün müəllifləri Xəzinədarlıq Nazirliyinin məsul əməkdaşı Brendon Biç və onun müşaviri Mayk Braundur.
Onlar yeni əskinasın tezliklə dövriyyəyə buraxılması üçün Oyma və Çap Bürosuna təzyiq göstərirlər.
Rəsmilər artıq yeni pulun eskizlərini təqdim ediblər. Eskizlərdən birində Trampın üzü, yanında isə onun və maliyyə naziri Skott Bessentin imzaları yer alıb.
Eskizin müəllifi olan britaniyalı rəssam İen Aleksandr qəzetə açıqlamasında bu məlumatı təsdiqləyib.
O bildirib ki, hətta Trampın özü ilə dizayn dəyişikliklərini müzakirə edib və ABŞ bayrağının rəngləri ilə ölkənin yaradılmasının 250 illiyi loqosunun əlavə edilməsini təklif edib.
Qeyd edək ki, 1866-cı ildən bəri ABŞ valyutasında yaşayan heç bir şəxsin təsviri yer almayıb. Sonuncu belə hal Xəzinədarlıq Nazirliyinin bir rəsmisinin şəklinin 5 sentlik sikkədə yerləşdirilməsi olub.
Trampın təsviri olan pulun çapına icazə verəcək qanun layihəsi 2025-ci ildən ABŞ Konqresində müzakirə olunur.
“The Washington Post” vurğulayır ki, Çap Bürosunun əməkdaşları hüquqi və prosedur məsələlər səbəbindən yeni əskinasın çapının uzun müddət çəkə biləcəyi barədə dəfələrlə xəbərdarlıq ediblər.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi ölkənin yaradılmasının 250 illiyi münasibətilə Donald Tramp və maliyyə naziri Skott Bessentin imzalarının dollarların üzərində yer alacağını açıqlamışdı.
Bu, ABŞ tarixində ilk dəfə olacaq ki, dövriyyədə olan valyutada fəaliyyətdə olan prezidentin imzası yer alacaq. 1776-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsi ilə ABŞ Britaniya imperiyasının hakimiyyətindən azad olunub.
Konqres sənədi iyulun 2-də Filadelfiyada qəbul edib, iki gün sonra - iyulun 4-də isə yekun variantı təsdiqləyərək çap və yayımını tapşırıb. Məhz buna görə də iyulun 4-ü ABŞ-nin yaranma günü hesab olunur.
Sevinc Əliyeva
Ordu.az