Ordu.az xəbər verir ki, Zaxarova həftəlik brifinq zamanı MDB məkanında tarixi yaddaşın təhrif olunması ilə bağlı təhlükəli tendensiyalara diqqət çəkib.
Diplomat bildirib ki, Rusiya tərəfi yerli hakimiyyət orqanlarının sovet döyüşçülərinin xatirəsini əbədiləşdirən memorialı sökmək niyyətindən narahatdır.
Məlumata görə, həmin ərazidə fəvvarə tikilməsi planlaşdırılır.
“Anladığımız qədərilə Artik rəhbərliyi və yuxarı instansiyalar İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin memorialı ilə bağlı planlarını həyata keçirmək niyyətindədir. Bizim məlumatımıza görə, həmin memorialın yerində fəvvarə tikilməsi nəzərdə tutulur”, - deyə Zaxarova bildirib.
O vurğulayıb ki, Rusiya tərəfi üçün fəvvarə üçün başqa yer tapılmamasının səbəbi anlaşılmazdır.
“Əlbəttə, sual yaranır: məgər fəvvarə üçün başqa yer yox idi? Üstəlik, memorialın sadəcə söküləcəyi, yoxsa başqa yerə köçürüləcəyi hələ də aydın deyil. Halbuki Ermənistan tərəfi əvvəllər onun başqa yerə köçürüləcəyinə dair təminat vermişdi”, - deyə diplomat qeyd edib.
Zaxarovanın sözlərinə görə, Ermənistan cəmiyyətində bu təşəbbüsə qarşı müqavimət var, lakin rəsmi hakimiyyət vətəndaşların etirazlarına reaksiya vermir.
“Biz insanların bu qərara qarşı çıxdığını görürük. Onlar başa düşürlər ki, əgər söhbət memorialın köçürülmədən sökülməsindən gedirsə, bu müqəddəs dəyərlərə hörmətsizlikdir. Amma biz eyni zamanda Ermənistan rəhbərliyinin insanların tam əsaslı müraciətlərini cavabsız qoyduğunu da görürük”, - deyə Rusiya XİN nümayəndəsi bildirib.
Zaxarova qeyd edib ki, memorial ətrafında yaranmış vəziyyət tarixi yaddaşın yenidən nəzərdən keçirilməsi prosesinin bir hissəsidir.
“Bu memorial ətrafındakı vəziyyət tarixi yaddaşın genişmiqyaslı təhrif olunması kimi xarakterizə edilə biləcək daha təhlükəli tendensiyanın göstəricisidir”, - deyə o vurğulayıb.
Diplomat əlavə edib ki, Moskvanın fikrincə, Ermənistanda baş verən proseslər bunu təsdiqləyir.
O, xüsusilə Ermənistanın İctimai Televiziyasında səsləndirilən və onun fikrincə nasizmi haqq qazandıran ifadələri xatırladıb.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan o zaman Rusiya tərəfini ayrı-ayrı açıqlamalara diqqət yetirməməyə çağırmış və məsələni araşdıracağına söz vermişdi. Lakin bundan sonra heç bir reaksiya olmadı”, - deyə Zaxarova bildirib.
Bundan əlavə, diplomat Volodimir Zelenskinin İrəvana səfərini də tənqid edib.
“Sonra neonasizm Zelenskinin simasında İrəvana gəldi. Məhz o Zelenski ki, öz əcdadlarının xatirəsini tapdaladı və Qələbə paradı zamanı Qırmızı meydana zərbələr endirməklə hədələdi”, - deyə o qeyd edib.
Zaxarova MDB sənədlərindəki ifadələrin dəyişdirilməsinə də xüsusi diqqət ayırıb.
“Son dövrlərdə İrəvan sistemli şəkildə MDB sənədlərinin layihələrindən “İkinci Dünya müharibəsi” ifadəsini çıxarır”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, bu addımlar nasizm üzərində qələbədə erməni xalqının böyük töhfəsi fonunda xüsusilə təəccüb doğurur.
“Bu, İkinci Dünya müharibəsi və İkinci Dünya müharibəsi illərində ermənilərin, Ermənistan xalqının və indiki Ermənistan vətəndaşlarının əcdadlarının göstərdiyi qəhrəmanlıq fonunda baş verir”, - deyə Zaxarova vurğulayıb.
Sonda o bildirib ki, Ermənistan cəmiyyətinin böyük hissəsi tarixi yaddaşın qorunmasının tərəfdarıdır.
“İnsanlar tarixi yaddaşı qorumağa və öz tarixlərinin şanlı səhifələrini müdafiə etməyə hazırdırlar. Çünki öz tarixini unutqanlığa məhkum edən ölkələrin və xalqların gələcəyi olmur”, - deyə Rusiya XİN nümayəndəsi sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az