SEYİT 4×4 müxtəlif coğrafiyalarda çətin şəraitə asan uyğunlaşır - VİDEO

2026/05/Ekran-1779730085.jpg
Oxunub: 589     21:25     25 May 2026    
“Anadolu Savunma” şirkəti “SAHA Expo” beynəlxalq müdafiə, aviasiya və kosmik sənaye sərgisində yeni nəsil taktiki təkərli platformalarını təqdim edib.

Ordu.az xəbər verir ki, şirkətin nümayiş etdirdiyi əsas platformalardan biri SEYİT 4×4 olub.

Məlumata görə, “Anadolu Savunma” 4×4, 6×6 və 8×8 taktiki təkərli platformalar seqmentində fəaliyyət göstərir və müxtəlif istifadəçi tələblərinə uyğun zirehli və zirehsiz variantlar hazırlayır.

SEYİT 4×4 yüksək hərəkət qabiliyyəti və ağır yükdaşıma potensialı ilə seçilir. Platforma 280 at gücündə mühərriklə təchiz olunub. Zirehli versiyanın 8 ton, zirehsiz versiyanın isə 10 tona qədər yükdaşıma qabiliyyətinə malik olduğu bildirilib.

Məlumata görə, platforma 60 faiz dik yamacı qalxmaq, 30 faiz yan meyildə hərəkət etmək və 1000 millimetr dərinlikdə sudan keçmək imkanına sahibdir.

SEYİT 4×4 -32°C ilə +55°C arasında iqlim şəraitində əməliyyat icra edə bilir. “Anadolu Savunma”nın layihə meneceri Turan Yılmaz bildirib ki, platformanın yerlilik səviyyəsi təxminən 80 faizə çatır.

Onun sözlərinə görə, mühərrik və transmissiya istisna olmaqla, platforma ən yüksək yerlilik göstəricilərinə malik məhsullardan biridir. Yılmaz qeyd edib ki, SEYİT ailəsinin 8×8 versiyası artıq Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alır.

Məlumata görə, platformada istifadə olunan elektron sistemlər və rəqəmsal ekranlar şirkətin öz AR-GE heyəti tərəfindən hazırlanır. SEYİT ailəsinin yalnız logistika deyil, müxtəlif hərbi əməliyyat ssenarilərində istifadə üçün də inkişaf etdirildiyi bildirilib.

Platformada mərkəzi təkər şişirmə sistemi, “run-flat” təkər infrastrukturu, müstəqil asqı sistemi və zirehli kabinə kimi seçimlər də mövcuddur.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEYİT   Anadolu-Savunma  


Bizi "telegram"da izləyin