KARA ATMACA ən uzaq mənzildəki hədəfini tam dəqiqliklə vurub - VİDEO
Oxunub: 812
14:27
25 May 2026
Türkiyənin yerli imkanlarla hazırlanan ilk qurudan-quruya qanadlı raketi “Atmaca UM” (KARA ATMACA) sınaq atışı zamanı ən uzaq mənzildəki hədəfini yüksək dəqiqliklə vuraraq məhv edib.
Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən hazırlanan və Türkiyə Silahlı Qüvvələrinin əməliyyat gücünü strateji səviyyəyə yüksəltməsi gözlənilən KARA ATMACA raket sisteminin sınaq prosesi davam edir.
ROKETSAN-ın sosial media hesabında “Qurudan-quruya ən uzaq mənzildə tam nöqtə zərbəsi: KARA ATMACA” başlığı ilə yayımlanan görüntülərdə raketin mobil batareya sistemindən buraxıldığı anlar və hədəfi tam dəqiqliklə vurduğu kadrlar yer alıb.
Videoda KARA ATMACA-nın buraxıldığı andan etibarən izlədiyi marşrut və axtarış başlığı vasitəsilə hədəfi saniyə-saniyə izləyərək məhv etməsi diqqət çəkib. “Yer-yer” qanadlı raket imkanına malik olan KARA ATMACA mürəkkəb relyef şəraitində belə yüksək dəqiqliklə hədəfi zərərsizləşdirmək qabiliyyətinə sahibdir.
Uzun mənzili və qabaqcıl interfeysləri sayəsində milli raket sisteminin Türkiyə Silahlı Qüvvələrinin çəkindirmə potensialına mühüm töhfə verəcəyi bildirilir. KARA ATMACA-nın strateji quru hədəflərinə qarşı istifadə olunmaq üçün silahlanmaya qəbul edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub.
Sistem Türkiyənin müdafiə sənayesində xarici asılılığını azaltmaqla yanaşı, ordunun zərbə gücünü də artıracaq.