Çin Tayvan ətrafında 100-dən çox gəmi yerləşdirib

2026/05/pebne-1779704487.jpg
Oxunub: 325     14:23     25 May 2026    
Tayvan administrasiyasının təhlükəsizlik rəsmiləri Çinin Sarı dənizdən Cənubi Çin dənizi və Qərbi Sakit okeana qədər uzanan geniş ərazidə 100-dən çox hərbi dəniz qüvvəsi, sahil mühafizəsi və müxtəlif dəniz vasitələri yerləşdirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Adının açıqlanmasını istəməyən Tayvan administrasiyasının təhlükəsizlik rəsmisinin sözlərinə görə, sözügedən yerləşdirmə ABŞ Prezidenti Donald Trampın Pekində Çin Prezidenti Si Cinpin ilə keçirdiyi görüşdən əvvəl başlayıb və sammit başa çatdıqdan sonra gəmi sayı 100-ü keçib.

Məlumata görə, Trampın ABŞ-nin Tayvan administrasiyasına silah satışlarının Çinlə aparılan danışıqlarda bazarlıq vasitəsi kimi istifadə oluna biləcəyini bildirməsi Taypey rəhbərliyində narahatlıq yaradıb.

Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir və adanı güc yolu ilə nəzarətə götürmək tələbini davam etdirir.

Tayvan administrasiyası isə mümkün Çin hücumunu çəkindirmək üçün əsasən ABŞ dəstəyinə güvənir.

Tayvan administrasiyasının Milli Təhlükəsizlik Şurasının rəhbəri Cozef Vu “X” platformasında “Çinin dəniz yerləşdirməsi” başlıqlı xəritə paylaşıb.

Xəritədə Koreya yarımadası yaxınlığındakı Sarı dənizdən Cənubi Çin dənizi və Qərbi Sakit okeana qədər uzanan xətt boyunca Çin hərbi dəniz qüvvələri və sahil mühafizəsi gəmilərinin intensiv şəkildə yerləşdirildiyi əks olunub.

Vu bildirib ki, bölgədə status-kvonu pozan və regional sülh ilə sabitliyi təhdid edən yeganə problem Çindir. Tayvan administrasiyasının təhlükəsizlik rəsmisi qeyd edib ki, yerləşdirilən 100-dən çox dəniz vasitəsi arasında tədqiqat və araşdırma gəmiləri də var.

Çin son illərdə Tayvan administrasiyası üzərində hərbi təzyiqi artırıb. Pekin demək olar ki, hər gün ada ətrafında döyüş təyyarələri və hərbi gəmilər yerləşdirir, eyni zamanda genişmiqyaslı hərbi təlimlər keçirir.

Məlumata görə, Taypeydə minlərlə insan hökumətin müdafiə xərclərini artırmaq planına dəstək məqsədilə yürüş keçirib.

ABŞ-nin təzyiqi fonunda Tayvan administrasiyasının Prezidenti Lay Çinq-tenin administrasiyası ABŞ istehsalı silah sistemləri və yerli istehsal pilotsuz uçuş aparatlarını əhatə edən təxminən 40 milyard dollarlıq əlavə müdafiə xərcləri təklif edib.

Lakin müxalifətin nəzarətində olan parlament bu planı bloklayıb və yalnız ABŞ silah alışlarını əhatə edən 25 milyard dollarlıq paketi təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Tayvan  


Bizi "telegram"da izləyin