Ordu.az xəbər verir ki, insansız sistemlərin döyüş meydanında istifadə sahəsi genişləndikcə, bu platformaların avtonom fəaliyyətini təmin edəcək həllərə ehtiyac da artır.
“Pasifik Teknoloji” şirkətinin törəmə müəssisəsi olan “SAVX Teknoloji” hazırladığı “ağıllı pilotsuz uçuş aparatı qutusu” KORGAN ilə bu ehtiyaca cavab verir və yeni versiyalarla məhsul ailəsini genişləndirməyə davam edir.
Məlumata görə, KORGAN-M ilk olaraq müdafiə sənayesi sahəsində istifadəyə verilib. KORGAN-M və daha kiçik versiyası olan KORGAN-S üçün hərbi və mülki ehtiyaclara uyğun olaraq müxtəlif istifadəçilərə təhvil prosesi davam etdiriləcək. Sistemlərin ixracı üçün də danışıqlar aparılır.
“SAVX Teknoloji” şirkətinin qurucusu Abdullah Aktaş bildirib ki, onlar uzun müddətdir KORGAN üzərində çalışırlar və ilk versiyalardan sonra yeni nəsil model istifadəyə təqdim olunub.
Onun sözlərinə görə, sistem istənilən əraziyə yerləşdirildikdə insan ehtiyacını aradan qaldırır. Pilotsuz uçuş aparatı qutudan avtomatik şəkildə havaya qalxır, tapşırığı yerinə yetirir və daha sonra yenidən avtonom şəkildə qutusuna yerləşərək növbəti missiyaya hazır vəziyyətdə gözləyir.
Aktaş qeyd edib ki, KORGAN sistemi yalnız pilotsuz uçuş aparatının saxlanmasını təmin etmir, eyni zamanda əməliyyat tapşırıqlarını da avtomatlaşdırır. O əlavə edib ki, sistem internet və ya xüsusi şəbəkələr üzərindən idarə oluna bilir və zaman əsaslı tapşırıqları yerinə yetirə bilir.
Bundan başqa, KORGAN-S adlı yeni versiyanın enerji obyektləri, qaz yataqları və kritik infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulduğu bildirilib. Aktaş, həmçinin MERKÜT kamikadze pilotsuz uçuş aparatı sistemi üzrə də mühüm irəliləyişlərin əldə edildiyini deyib.
Onun sözlərinə görə, sistemin ilk təqdimatından sonra həm sınaq, həm təhvil, həm də seriyalı istehsal mərhələsində ciddi uğurlar əldə olunub və artıq iki fərqli ölkəyə təhvil həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az