Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Avropa raket istehsalçısı MBDA-nın açıqlamasına görə, bir F-35B döyüş təyyarəsi Britaniya istehsalı SPEAR 3 mini qanadlı raketinin ilk uçuş sınağından keçirilib.
Məlumata görə, sınaq 2026-cı il mayın 21-də açıqlanıb, lakin uçuş bu ilin əvvəlində Marylanddakı “Patuxent River” Dəniz Hava Bazasında baş tutub.
Uçuş zamanı “Lockheed Martin” istehsalı olan təyyarəyə inteqrasiya edilmiş 4 uzunmənzilli sursat istifadə olunub. Sınaq Böyük Britaniya Kral Donanmasına məxsus F-35B sınaq pilotu tərəfindən həyata keçirilib.
MBDA bildirib ki, toplanan məlumatlar növbəti kritik inteqrasiya mərhələləri olan ilk missiya sistemləri inteqrasiyası və sursatın atılma sınaqlarına hazırlıq üçün qiymətləndiriləcək.
“Breaking Defense”in yazdığına görə, Britaniya F-35B təyyarələri üçün uzaqmənzilli zərbə qabiliyyəti yaratmaq məqsədi daşıyan bu silahın ilk uçuşu texniki gecikmələrdən sonra ilkin planlaşdırılan vaxtdan 4 il gec baş tutub.
F-35 Birgə Proqram Ofisi bildirib ki, bu ilk uçuş Böyük Britaniyanın F-35B dəqiq zərbə arsenalını gücləndirən mühüm mərhələdir.
Qurumun açıqlamasına görə, tam inteqrasiya olunduqdan sonra F-35B eyni anda 8-ə qədər SPEAR 3 raketi daşıya biləcək.
Bu isə təyyarənin stels və döyüşdayanıqlıq qabiliyyətini qoruyaraq dəqiq zərbələr endirmə imkanını artıracaq. Yeni nəsil sursatın 100 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğu bildirilir.
Məlumata görə, SPEAR sistemi hava hücumundan müdafiə vasitələrindən gəmilərə, tanklardan sürətlə hərəkət edən vasitələrə qədər müxtəlif hədəflərə qarşı istifadə oluna bilər.
Böyük Britaniya Müdafiə Nazirliyinin rəsmiləri F-35 platformasında SPEAR-ın istifadəsinin 2028-2029-cu maliyyə ili üçün hədəfləndiyini açıqlamışdı.
Sevinc Əliyeva
Ordu.az