Britaniya Kral Donanması Hörmüz boğazının minalardan təmizlənməsinə hazırlaşır

2026/05/1779697193.jpg
Oxunub: 340     12:12     25 May 2026    
Britaniya Kral Donanmasının gəmiləri və yüzlərlə britaniyalı dənizçi Hörmüz boğazının minalardan təmizlənməsi əməliyyatında iştirak etmək üçün bölgəyə göndərilməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Britaniya donanmasının komandanlığının məlumatına görə, ABŞ və İran arasında razılaşma əldə olunmasından sonra Cəbəllütariqdə yerləşən RFA “Lyme Bay” yardım gəmisi Yaxın Şərqə yola düşəcək.

Hazırda gəmidə sursatlar və minaların aşkarlanaraq məhv edilməsi üçün hidroaxtarış sistemləri ilə təchiz olunmuş pilotsuz sualtı aparatları yerləşdirilir.

Gözlənilir ki, gəmi Süveyş kanalından keçərək Fars körfəzinə yollanmadan əvvəl Britaniyanın HMS “Dragon” minaaxtaran gəmisi və müttəfiq qüvvələrin gəmiləri ilə birləşəcək.

Kral Donanmasının minatəmizləmə qrupunun rəhbəri komodor Cemma Britton agentliyə bildirib ki, İran Hörmüz boğazı boyunca çox sayda müxtəlif tipli mina yerləşdirə bilər.

Onun sözlərinə görə, minalar lövbərli, reaktiv şəkildə yüksələn və ya dibə yerləşdirilən növlərdə ola bilər. Bu minalar gəmi ilə təmas, akustik təsir və ya maqnit sahəsinin dəyişməsi nəticəsində işə düşə bilir.

RFA “Lyme Bay” gəmisində yerləşdirilmiş avtonom sistemlər hidroaxtarış texnologiyası vasitəsilə dəniz dibini və ətraf suları skan edərək potensial təhlükələrin xəritəsini çıxarır.

Bildirilir ki, bu sistemlər ənənəvi minaaxtaran gəmilərlə müqayisədə ərazini təxminən iki dəfə daha sürətli araşdırmağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Hörmüz  


Bizi "telegram"da izləyin