Ordu.az xəbər verir ki, şirkət APKWS dəqiq idarəolunan sursatının inteqrasiyası, yeni nəsil AESA radarlarının hazırlanması və yüksək sürətli missiya kompüteri layihələrinin “Typhoon”un gələcək əməliyyat imkanlarını ciddi şəkildə artıracağını bildirib.
Məlumata görə, APKWS sursatı Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus Yaxın Şərqdə yerləşdirilən Typhoon təyyarələrinə inteqrasiya olunub.
Şirkət qeyd edib ki, aşağı xərc tələb edən dəqiq zərbə imkanı təqdim edən APKWS sistemi xüsusilə kamikadze pilotsuz uçuş aparatları və digər pilotsuz sistemlərə qarşı effektiv həll kimi nəzərdə tutulur.
Açıqlamaya əsasən, layihə olduqca qısa müddətdə həyata keçirilib. “BAE Systems” konsepsiya mərhələsindən ilk atış sınağına qədər olan müddətin cəmi altı ay çəkdiyini bildirib. Şirkət həmçinin yeni ECRS “Mk2” AESA radarının qabaqcıl radioelektron hücum imkanları təqdim edəcəyini açıqlayıb.
“Typhoon” üçün hazırlanan yeni missiya kompüterinin mövcud sistemlə müqayisədə təxminən 200 dəfə daha sürətli məlumat emalı qabiliyyətinə malik olduğu qeyd edilir. Yeni sistemin sensor füzyonu, çoxsaylı hədəf izləmə, radioelektron mübarizə idarəetməsi və şəbəkə mərkəzli döyüş əməliyyatlarında təyyarənin imkanlarını artıracağı vurğulanıb.
“BAE Systems” bildirib ki, “Typhoon” ilk dövrlərdə əsasən hava üstünlüyü missiyaları üçün hazırlansa da, zamanla tam çoxməqsədli döyüş təyyarəsinə çevrilib. Hazırda platformanın sursat ailəsində Meteor “hava-hava” raketi, “Brimstone” dəqiq zərbə sursatı və “Storm Shadow” qanadlı raketi yer alır.
Şirkət açıqlamasında Türkiyənin də “Eurofighter Typhoon”un yeni istifadəçiləri arasında yer alacağını qeyd edib.
Sevinc Əliyeva
Ordu.az