Ordu.az xəbər verir ki, Avropa Komissiyası SAFE mexanizmi çərçivəsində Rumıniya üçün 16,68 milyard avroluq maliyyə paketini təsdiqləyib.
Beləliklə, Rumıniya Polşadan sonra SAFE proqramının ikinci ən böyük faydalanıcısına çevrilib.
Rumıniya Müdafiə Nazirliyi tərəfindən açıqlanan proqram mexanikləşdirilmiş quru bölmələri, təbəqəli hava hücumundan müdafiə sistemləri və Qara dəniz təhlükəsizliyinə yönəlmiş geniş silahlanma prosesini əhatə edir.
Maliyyə paketi çərçivəsində piyada döyüş maşınları, hava hücumundan müdafiə sistemləri, açıq dəniz patrul gəmiləri, gəmi əleyhinə raket sistemləri, “Airbus” H225M helikopterləri, kamikadze sursat sistemləri və mini kəşfiyyat pilotsuz uçuş aparatlarının alınması planlaşdırılır.
Buxarest rəhbərliyi həmçinin texnologiya transferi və yerli istehsal şərtləri ilə müdafiə sənayesi infrastrukturunu genişləndirməyi hədəfləyir. Açıqlanan paketin təxminən 9,6-9,98 milyard avroluq hissəsinin 2026-2030-cu illərdə həyata keçiriləcək 21 müdafiə layihəsinə ayrıldığı bildirilib.
Əlavə maliyyənin Moldova və Ukrayna istiqamətində ikili istifadə təyinatlı logistika və nəqliyyat infrastrukturlarına yönəldiləcəyi qeyd olunur. Rumıniyanın ən böyük satınalma proqramı sovet dövründən qalan MLI-84 zirehli maşın parkının yenilənməsi olacaq.
Bu çərçivədə “Rheinmetall” ilə bağlanan müqaviləyə əsasən 298 ədəd tırtıllı piyada döyüş maşınının alınması planlaşdırılır. İlk mərhələdə 2030-cu ilə qədər 232 maşının təhvil verilməsi nəzərdə tutulur.
Bundan əlavə, “General Dynamics European Land Systems” ilə həyata keçirilən proqram çərçivəsində 359 ədəd Piranha 5 zirehli maşını da inventara daxil ediləcək.
Rumıniyanın hava hücumundan müdafiə modernləşdirilməsi proqramında 7 ədəd “Rheinmetall Skynex” pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi, 2 ədəd Skyranger 35 VSHORAD sistemi, 12 ədəd Gap Filler radar sistemi və orta mənzilli hava hücumundan müdafiə sistemləri yer alır.
Qara dəniz təhlükəsizliyi çərçivəsində isə 2 açıq dəniz patrul gəmisi, 2 dalğıc müdaxilə gəmisi, 7 NSM gəmi əleyhinə raket sistemi və 48 NSM raketinin alınması nəzərdə tutulur. Rumıniya həmçinin “Airbus” istehsalı olan 12 ədəd H225M helikopterinin alınmasını planlaşdırır.
Təxminən 852 milyon avro dəyərində olan paketə logistika dəstəyi, təlim infrastrukturu və hücum konfiqurasiyalı platformalar da daxildir.
Sevinc Əliyeva
Ordu.az