Ordu.az xəbər verir ki, “Rheinmetall BAE Systems Land” şirkəti “Challenger 3” proqramı çərçivəsində tapşırıq ssenarili sınaqların davam etdiyini açıqlayıb.
Şirkət bildirib ki, əldə olunan mühəndislik məlumatları birbaşa tankın inkişaf prosesinə ötürülür.
Məlumata görə, sınaqlarda ərazi hərəkət qabiliyyəti, yol performansı, atəş sistemləri, top və nişanalma sisteminin inteqrasiyası, eləcə də tam heyətli əməliyyat ssenariləri qiymətləndirilir.
Şirkət qeyd edib ki, bu sınaqlar rəsmi qəbul proseslərindən əvvəl platformanın real əməliyyat davranışını analiz etməyə imkan yaradır. RBSL proqram rəhbərlərindən Nik bildirib ki, hər bir tapşırıq ssenarisi anlayışı daha da inkişaf etdirir, prosesləri təkmilləşdirir və gələcək rəsmi sınaqlardan əvvəl etibarı artırır.
“Challenger 3” proqramı tamamilə yeni tankın hazırlanmasını deyil, Böyük Britaniya Ordusunun mövcud “Challenger 2” tank parkının genişmiqyaslı modernləşdirilməsini nəzərdə tutur. 1998-ci ildən xidmətdə olan “Challenger 2” tankları xüsusilə İraq müharibəsində yüksək ekipaj qoruması ilə seçilib.
Yeni proqram platformanın atəş gücü, rəqəmsal döyüş infrastrukturu, sensor sistemləri və NATO sursat uyğunluğu sahəsindəki çatışmazlıqlarını aradan qaldırmağa yönəlib. Ən böyük dəyişikliklərdən biri “Challenger 2”də istifadə edilən 120 mm yivli topun əvəzinə NATO standartı sursat istifadə edə bilən yeni 120 mm yivsiz topun inteqrasiya olunmasıdır.
Bu dəyişiklik sayəsində “Challenger 3” tankları Almaniyanın “Leopard 2” və ABŞ-nin M1 “Abrams” tankları ilə ortaq sursat infrastrukturuna sahib olacaq. Tankın “hunter-killer” hədəfləmə sistemi, yeni nəsil atəş idarəetmə kompüteri, komandir üçün panoramik görüntü sistemi, inkişaf etmiş termal görüntüləmə sistemləri və rəqəmsal komanda-idarəetmə infrastrukturu ilə təchiz olunduğu bildirilib.
Bu imkan sayəsində tank komandiri və tuşlayıcı eyni anda fərqli hədəflərə nişanalma həyata keçirə biləcək. Proqram çərçivəsində ümumilikdə 148 ədəd “Challenger 2” tankının “Challenger 3” standartına yüksəldilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az