TULPAR və ALPAR Qazaxıstanın 2026-cı il istehsal planına daxil edilib

2026/05/1779694545.jpg
Oxunub: 518     11:28     25 May 2026    
Qazaxıstan parlamentinin Senatı “Otokar” ilə həyata keçirilən birgə zirehli texnika istehsalı proqramının 2025-ci il üzrə inkişaf mərhələləri və 2026-cı il yol xəritəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, yayımlanan plana əsasən, BESQARU müəssisəsində istehsal ediləcək yeni nəsil quru platformaları diqqət çəkib.

Məlumata görə, 2025-ci ilin sonuna qədər istehsal xəttində Çin istehsalı VN20 qüllə sistemi ilə təchiz edilən TAIMAS 8x8 amfibiya zirehli döyüş maşını, MIZRAK qüllə sistemi daşıyan TAIMAS 6x6 zirehli döyüş maşını, COBRA II 4x4 platformasının lokallaşdırılmış versiyası olan AIBAR 4x4 taktiki təkərli maşın ailəsi və URAL 4x4 taktiki təkərli vasitəsi yer alacaq.

2026-cı il planlamasında isə “Otokar”ın tırtıllı zirehli döyüş maşını TULPAR ön plana çıxıb. Paylaşılan görüntülərdə platformanın “Leonardo” istehsalı HITFACT MkII 120 mm qüllə sistemi ilə təchiz olunmuş yüngül tank konfiqurasiyasında nümayiş etdirildiyi bildirilib.

Qeyd olunub ki, TULPAR daha əvvəl Qazaxıstanda klassik zirehli döyüş maşını konfiqurasiyasında sınaqdan keçirilib, lakin son təqdim edilən konfiqurasiyanın yekun seçim olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib. Yol xəritəsində diqqət çəkən digər məqam isə ALPAR ağır sinfinə məxsus insansız quru platformasının da BESQARU müəssisəsində istehsal planına daxil edilməsidir.

“Otokar” tərəfindən hazırlanan ALPAR hibrid güc qrupuna malik ağır sinfə məxsus insansız quru platforması kimi təqdim olunur. Platformanın əsasən piyada bölmələri və zirehli texnikalara atəş dəstəyi vermək üçün hazırlandığı qeyd edilir.

ALPAR üzərində 30x173 mm zəncirvari top daşıyan MIZRAK-30 qüllə sistemi və iki ədəd OMTAS tank əleyhinə raket yerləşdirilib. Şirkət müxtəlif faydalı yük və silah konfiqurasiyaları üzərində işlərin davam etdiyini bildirib.

Bundan əlavə, “Otokar”ın Rumıniyada da yeni sənaye şəbəkəsi formalaşdırdığı açıqlanıb. Şirkətin Rumıniya ilə əməkdaşlıq çərçivəsində COBRA II 4x4 vasitələrinin yerli istehsalını əhatə edən genişmiqyaslı layihələri davam etdirilir.

Həmçinin “Elektroland Defence” və “Romanian BlueSpace Technologies” əməkdaşlığı ilə hazırlanan 6x6 Medium-2 insansız quru platformasının da istehsal planlamasına daxil edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TULPAR   ALPAR   Qazaxıstan  


Bizi "telegram"da izləyin