Ordu.az xəbər verir ki, “Sun Chasing” layihəsi çərçivəsində hazırlanmış prototip platforma saatda təxminən 30 kilometr sürətlə hərəkət edən pilotsuz uçuş aparatına 30 metr məsafədən sabit 143 vatt enerji ötürüb.
Məlumata görə, texnologiya pilotsuz uçuş aparatları sürülərinin havada uzun müddət fəaliyyət göstərməsi, hərbi platformaların enerji tələbatının qarşılanması və fəlakət zonalarında infrastruktursuz enerji dəstəyi üçün böyük potensiala malikdir.
Tədqiqat qrupu sistemin performansını sabit hədəflər üzərində də sınaqdan keçirib. Sınaqlar zamanı platformanın 100 metr məsafəyə doğru cərəyandan doğru cərəyana 20,8 faiz səmərəliliklə simsiz enerji ötürdüyü bildirilib.
Həmin sınaqda sistem ümumilikdə 1180 vatt enerji ötürməyə nail olub. Layihənin rəhbəri, “Xidian” Universitetinin Mexatronika Mühəndisliyi fakültəsinin professoru Duan Baoyan bildirib ki, komanda mühüm texniki maneəni aradan qaldırıb.
Onun sözlərinə görə, artıq bir ötürücü vasitəsilə eyni anda bir neçə hərəkətli hədəfə enerji ötürmək mümkündür. Araşdırma qrupu gələcəkdə bir kosmos əsaslı günəş enerjisi stansiyasının həm peyklərə, həm də yerüstü vasitələrə eyni vaxtda enerji təmin edə biləcəyini düşünür.
Sistem yüksək güclü mikrodalğalı antenlər vasitəsilə enerji ötürür. Tədqiqatçılar tərəfindən hazırlanmış xüsusi qəbuledici antenlər bu enerjini toplayır. Açıqlanan məlumatlara görə, qəbuledici sistemlərin enerji toplama səmərəliliyi 88 faizə çatıb.
Alimlər antenaları daha kiçik və yüngül vəziyyətə gətirmək üzərində də iş aparırlar. Layihənin növbəti mərhələsində sistemin birbaşa kosmos mühitində sınaqdan keçirilməsi planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az