MKE EFES 2026 təlimi çərçivəsində müxtəlif çaplı silah və sursatların təhvilini həyata keçirib

2026/05/1779692665.jpg
Oxunub: 452     11:01     25 May 2026    
MKE şirkəti EFES 2026 təlimi çərçivəsində müxtəlif çaplı silah və sursatların təhvilini həyata keçirib.

Ordu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təlim zamanı MKE stendini ziyarət edərək şirkətin baş direktoru İlhami Keleşdən yeni məhsullar barədə məlumat alıb.

Məlumata görə, Türkiyə Quru Qoşunları Komandanlığına MPT-76 MH piyada tüfəngi, 7.62 mm patron, 20 mm patron, 60 mm minaatan sursatı, 105 mm hərəkət barıtı, 155 mm haubitsa sursatı üçün hərəkət barıtı, AKSAR MAGAS və 107 mm raket kompleksi təhvil verilib.

Bundan əlavə, Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün MKE MOD48, Hərbi Hava Qüvvələri Komandanlığına isə MK-82 və MK-84 aviasiya bombaları təqdim olunub.

Şirkət həmçinin Müdafiə Nazirliyinin Gəmiqayırma Zavodları Baş İdarəsinə 25 mm lülə, ROKETSAN-a orta mənzilli raket yanacaq çubuğu, BMC-yə ALTAY tankının silah sistemi və ehtiyat hissələri, AFAD-a isə KBRN qaz maskaları çatdırıb.

MKE tərəfindən hazırlanmış 7-ci DENİZHAN-76 milli dəniz topunun atışlı qəbul sınaqları uğurla tamamlanıb və sistem MİLGEM layihəsi çərçivəsində inşa edilən 10-cu gəmiyə inteqrasiya olunmaq üçün gəmiqayrma zavoduna təhvil verilib.

Şirkət bildirib ki, yaxın və orta mənzilli hədəflərə qarşı effektiv atəş gücü təqdim edən DENİZHAN-76 hava hücumundan müdafiə, suüstü döyüş və quru bombardmanı tapşırıqlarında istifadə olunur.

Qeyd edilib ki, sistem 2025-ci ildə İndoneziyaya, həmçinin NATO və Avropa İttifaqı üzvü Rumıniyaya ixrac edilib.

MKE hazırda əldə olunan təcrübə əsasında 127 mm milli dəniz topunun hazırlanması üzərində də işləyir.

Şirkət həmçinin EFES 2026 təlimində piyada və snayper tüfəngləri, minaatan və haubitsa sistemləri, aviasiya bombaları, helikopter və pilotsuz uçuş aparatı sursatları ilə müxtəlif çaplı sursat ailələrinin aktiv istifadə olunduğunu açıqlayıb.

Təlim çərçivəsində TOLGA yaxın hava hücumundan müdafiə sistemi, BORAN yüngül yedəkli haubitsası, 35 mm silah sistemi və FIRTINA haubitsası da istifadə edilib.

Bundan başqa, İsparta Eğirdir Dağ Komando Məktəbində keçirilən Beynəlxalq Snayper Yarışında MKE tərəfindən hazırlanmış piyada silahları və snayper tüfəngləri yerli və xarici hərbi nümayəndə heyətlərinə nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   Türkiyə  


Bizi "telegram"da izləyin