Milli Hücum Qayığı Layihəsinin yaranması və dizayn prosesi
Milli dizayna əsaslanan hücum qayığı layihəsinin hazırlanması istiqamətində atılan ilk konkret addım Türkiyə Müdafiə Sənayesi Başqanlığı (MSK) və STM arasında 2020-ci il avqustun 31-də imzalanan “Türk Tipi Hücum Qayığı Layihəsi Mərhələ-1 Müqavilə Dizaynı Sazişi” ilə həyata keçirilib. STM-nin baş podratçılığı ilə icra olunan müqavilə çərçivəsində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının əməliyyat sahələrində dəniz nəzarətinin yaradılması və davam etdirilməsi vəzifəsi əsas götürülüb. Bu çərçivədə düşmən elementlərini məhv etmək və ya zərərsizləşdirmək, dost qüvvələrin davamlılığını təmin etmək məqsədilə tədarükü planlaşdırılan hücum qayıqlarının sistem tələblərinin müəyyən edilməsi, konsepsiya seçimi, ilkin dizayn və müqavilə dizaynı fəaliyyətləri həyata keçirilib.
Layihə prosesində həyata keçirilən orijinal dizayn inkişafı işləri çərçivəsində gövdə formasının optimallaşdırılması, gəminin struktur analizləri, əsas hərəkətverici sistemin quruluşu, gəmi elektrik sisteminin dizaynı və silah konfiqurasiyası işləri tamamlanıb və bunlara aid yekun dizayn paketi hazırlanıb.
Dizayn işlərinin inkişafından sonra layihə inşa mərhələsinə keçib. Bu istiqamətdə 2024-cü il sentyabrın 9-da Milli Hücum Qayığı Layihəsi üzrə Türkiyə MSK ilə STM arasında 1 ədəd prototip hücum qayığının tədarükü üçün inşa müqaviləsi imzalanıb. Layihənin fiziki başlanğıcı isə Milli Hücum Qayığının ilk polad kəsiminin həyata keçirildiyi 2025-ci il iyulun 8-i olub. Platformanın inşası hazırda STM-nin baş podratçılığı ilə İstanbul Dənizçilik A.Ş. Gəmiqayırma Zavodunda davam edir. Bu layihə ilə Türkiyə tarixində ilk dəfə özünün dizayn etdiyi milli hücum qayığı platformasını inşa etmək qabiliyyətinə yiyələnib.
Türkiyə Hərbi Dəniz Qüvvələrinin xüsusilə Adalar dənizi və sahil sularındakı əməliyyat effektivliyini maksimum səviyyəyə çatdırmaq üçün formalaşdırılan Milli Hücum Qayığı konsepsiyası “aşağı radar görünmə sahəsi, yüksək sürət və güclü atəş gücü” prinsipləri əsasında hazırlanır. Bu istiqamətdə platforma gizlənmə və gözləmə mövqelərindən həyata keçirəcəyi qəfil çıxışlarla düşmən elementlərinin aşkarlama və tanıma dövrünü pozacaq, sürpriz və güclü hücum qabiliyyəti ilə donanmanın zərbə gücünə ciddi təsir göstərəcək şəkildə dizayn olunub.
Yalnız ayrıca platforma kimi deyil, şəbəkə mərkəzli döyüş qabiliyyətləri sayəsində freqatlar, dəniz patrul təyyarələri və helikopterlərlə birgə əməliyyat həyata keçirə biləcək donanmanın nizə ucu kimi mövqeləndirilən Milli Hücum Qayığının uzaqmənzilli idarəolunan raketlərlə təchiz edilərək çəkindirmə qabiliyyətinin ən yüksək səviyyəyə çatdırılması hədəflənib. Platformanın davamlılığının yalnız yüksək sürət (39+ düyün) və üstün manevr qabiliyyəti ilə deyil, eyni zamanda müasir hava hücumundan müdafiə sistemləri və radioelektron mübarizə imkanları ilə də təmin olunması planlaşdırılıb.
Sevinc Əliyeva
Ordu.az