Ordu.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Petreus “Cats & Cosby” radio proqramına müsahibəsində İranın ABŞ ilə davam edən danışıqlarda tələblərini yumşaltmağa hazır olduğuna dair ciddi əlamətlər görmədiyini deyib.
Onun sözlərinə görə, İran hələ də ABŞ-nin Fars körfəzini tərk etməsi, Tehrana kompensasiya ödəməsi və Hörmüz boğazı üzərində nəzarətin saxlanılması kimi tələblər irəli sürür.
“Düşünürəm ki, biz çətin vəziyyətdəyik. Onlar da bilirlər ki, Prezidentin qarşısında aralıq seçkilər var”, - deyə Petreus qeyd edib.
Yaxın Şərqə son səfərindən danışan keçmiş MKİ rəhbəri bildirib ki, İran danışıqlarda əsassız mövqelərini davam etdirərək təzyiqlərə daha uzun müddət tab gətirə biləcəyini düşünür.
“İran hesab edir ki, onların dözümlülüyü Vaşinqtondakılardan daha yüksəkdir. Zaman bunun doğru olub-olmadığını göstərəcək. Amma onların təklif etdiyi şərtlər qətiyyən qəbul edilə bilən deyil”, - deyə Petreus vurğulayıb.
O əlavə edib ki, ABŞ tərəfindən əlavə eskalasiya Fars körfəzi ölkələrinin həyati əhəmiyyət daşıyan infrastrukturuna daha böyük zərər verə bilər.
Petreus mövcud vəziyyəti “strateji dalan” kimi xarakterizə edib və bildirib ki, bu vəziyyətdən çıxışın istənilən variantı ciddi risklər daşıyır.
Sevinc Əliyeva
Ordu.az