Polşaya ilk F-35A “Husarz” təyyarələri təhvil verilib

2026/05/1779548256.jpg
Oxunub: 430     18:57     23 May 2026    
Polşa Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm mərhələ geridə qalıb.

Ordu.az xəbər verir ki, Polşanın ilk üç ədəd F-35A “Husarz” gizli döyüş təyyarəsi təhvil verilib.

Texasdakı “Lockheed Martin” şirkətinin Fort-Uort istehsal müəssisəsindən havaya qalxan təyyarələr Azor adalarındakı “Lajeş” hava bazasında qısa dayanacaq etdikdən sonra Polşaya çatıb.

NATO-nun şərq cinahında ilk dəfə beşinci nəsil döyüş təyyarələrinin aktiv şəkildə yerləşdirilməyə başlanması regionda hava qüvvələri balansı baxımından diqqətçəkən inkişaf kimi qiymətləndirilir.

Təhvil-təslim mərasimində çıxış edən Polşanın baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış bunun Polşa Silahlı Qüvvələrinin əməliyyat imkanlarını ciddi şəkildə dəyişən vacib mərhələ olduğunu bildirib.

Nazir qeyd edib ki, bu təyyarələr NATO-nun şərq cinahında ilk beşinci nəsil döyüş təyyarələridir və bu, yeni təhlükəsizlik arxitekturası yaradır.

Məlumata görə, Polşa 2020-ci ildə ABŞ ilə imzaladığı təxminən 4,6 milyard dollar dəyərindəki saziş çərçivəsində ümumilikdə 32 ədəd F-35A qırıcı təyyarəsi sifariş edib. Razılaşmaya təlim, simulyator və logistika dəstəyi də daxildir.

Təyyarələrin 2029-cu ilə qədər təhvil verilməsi planlaşdırılır. Hazırda ilk 8 F-35A ABŞ-dəki “Ebbi̇ng” hava bazasında yerləşdirilib və Polşa pilotlarının, eləcə də texniki heyətin hazırlığında istifadə olunur.

Son 18 ay ərzində həmin təyyarələrin ümumilikdə 1000 saatdan çox uçuş həyata keçirdiyi bildirilir.

Polşaya təhvil verilən ilk üç təyyarə “Lockheed Martin”in Fort-Uort istehsal xəttində hazırlanıb. Qalan təyyarələrin bir hissəsinin isə İtaliyadakı Avropa istehsal xəttindən çatdırılması nəzərdə tutulur. İlin sonuna qədər Uask bazasına daha 11 ədəd F-35A-nın çatması gözlənilir. Polşa Hərbi Hava Qüvvələrinin 2027-ci ildə daha 12 təyyarə alacağı, son təyyarənin isə 2029-cu ildə inventara daxil olacağı bildirilir.

Polşa üçün istehsal edilən F-35A “Husarz” aşağı görünürlük, sensorların birləşdirilməsi və şəbəkə mərkəzli döyüş imkanlarını bir platformada birləşdirən beşinci nəsil çoxfunksiyalı qırıcı təyyarə kimi təqdim olunur. Təyyarə tam daxili sursat yükü ilə “Mach 1.6” sürətinə çata bilir. F-35A-nın daxili yanacaqla döyüş radiusu 590 dəniz milindən, yəni təxminən 1093 kilometrdən çoxdur.

Təyyarə “Pratt & Whitney” şirkətinin istehsalı olan F135-PW-100 turbofan mühərriki ilə təchiz edilib və təxminən 40 min funt itələmə gücü yaradır. F-35A-nın gövdə daxilində yerləşən sursat bölmələri radar görünürlüğünü artırmadan həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarının icrasına imkan verir.

Platforma missiya ehtiyacına uyğun olaraq daxili və ya xarici silah konfiqurasiyaları ilə istifadə oluna bilir. Xarici yüklərlə ümumi silahdaşıma qabiliyyəti təxminən 18 min funt səviyyəsinə çatır. Təyyarənin əsas radar sistemi olan “Northrop Grumman” istehsalı AN/APG-81 AESA radarı “hava-hava”, “hava-yer” və radioelektron mübarizə tapşırıqlarını eyni anda dəstəkləyə bilir.

F-35A-nın ən diqqətçəkən xüsusiyyətlərindən biri olan sensorların birləşdirilməsi sistemi radar, elektro-optik sensorlar və radioelektron mübarizə sistemlərindən gələn məlumatları vahid taktiki mənzərədə birləşdirir.

EOTS sistemi infraqırmızı təsvir, lazer nişanlama, lazer məsafəölçmə və hava hədəflərinə qarşı IRST qabiliyyəti təqdim edir. F-35A-nın şəbəkə mərkəzli döyüş infrastrukturu hava, quru və dəniz qüvvələri ilə real vaxt rejimində məlumat mübadiləsinə imkan yaradır.

Polşanın F-35A parkının ilk əsas yerləşmə mərkəzi olacaq “Uask” hava bazasında genişmiqyaslı infrastruktur modernləşdirilməsi aparılıb. Polşa Müdafiə Nazirliyinə görə, “Uask” bazasındakı infrastruktur yatırımlarının ümumi dəyəri təxminən 684 milyon dollara çatıb. Ümumilikdə 32 ədəd F-35A “Husarz” qırıcısının iki ayrı taktiki hava eskadrilyasında xidmətə başlaması planlaşdırılır. Birinci eskadrilyanın “Uask”da, ikinci eskadrilyanın isə Şvidvin şəhərindəki 21-ci taktiki hava bazasında yerləşəcəyi bildirilir.

Polşa rəhbərliyi gələcəkdə əlavə F-35 sifarişləri ilə üçüncü və hətta dördüncü eskadrilyanın yaradılmasını da nəzərdən keçirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   F-35A   Husarz  


Bizi "telegram"da izləyin