Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrin məlumatına görə, hüquq-mühafizə əməkdaşları artıq hər gün “tələsik şəkildə” cinayət işləri hazırlamağa və icraatlar başlatmağa məcbur olduqlarını düşünürlər.
“Müəyyən dairələr sözün əsl mənasında bu vəziyyətdən bezib. Çünki Paşinyan hər gün keçirdiyi toplantılarda müxalifət əleyhinə hansısa açıqlama verir və bundan sonra hüquq-mühafizə orqanları həmin bəyanatlara “ət və qan verməli” olurlar”, - deyə müəllif bildirib.
Nəşr qeyd edib ki, digər tərəfdən, ləyaqət hissi olan hüquq-mühafizə əməkdaşları bütün sistemin bu şəkildə nüfuzdan salınmasından təhqir olunduqlarını düşünürlər.
“Cəmiyyətdə belə bir fikir formalaşıb ki, ya hüquq-mühafizə orqanları illər əvvəl baş verdiyi iddia olunan bu və ya digər “cinayətlərdən” xəbərsiz olublar, ya da xəbərdar olsalar da seçki kampaniyası başlayana qədər heç bir addım atmayıblar ki, Nikol Paşinyan bundan siyasi dividend qazansın. Üçüncü ehtimal isə sadəcə sifarişli işlərin hazırlanmasıdır ki, hüquq ictimaiyyətinin böyük hissəsi bunu ən real variant hesab edir.
Lakin hansı variant doğru olsa da nəticə eynidir, hüquq-mühafizə orqanları qanunla deyil, bir şəxsin göstərişi ilə hərəkət edirlər”, - deyə müəllif yazıb.
Alpər Mövludoğlu
Ordu.az