Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiyada “Vedi-Alko”, “Abovyan Konyak Zavodu” və “Şahnazaryan Şərab-Konyak Evi” şirkətlərinin istehsal etdiyi şərab və konyak məhsullarının satışına qadağa qoyulub.
“Rospotrebnadzor”dan bildirilib ki, aparılan yoxlamalar zamanı məcburi tələblərə cavab verməyən məhsullar aşkarlanıb.
“Qurum dövriyyədə olan məhsullara, o cümlədən spirtli içkilərə nəzarət həyata keçirir. Tədbirlərin nəticələrinə əsasən “Vedi-Alko” ASC, “Abovyan Konyak Zavodu” MMC və “Şahnazaryan Şərab-Konyak Evi” MMC tərəfindən istehsal olunan məhsullarda uyğunsuzluqlar müəyyən edilib”, - deyə açıqlamada qeyd olunub.
Məlumata görə, uyğun olmayan məhsulların satışının qarşısını almaq məqsədilə ticarət təşkilatlarına və idxalçılara məhsulların satışının dayandırılması və keyfiyyətsiz spirtli içkilərin dövriyyədən çıxarılması barədə məlumat göndərilib.
“Uyğunsuz hesab edilən məhsullar arasında “Getap Vernashen” qırmızı yarımşirin sort şərabı (11% spirt, 0,75 litr, 2025-ci il fevralın 3-də qablaşdırılıb) və “Vedi Alko” Harçi, T3 “Legends Arni” ağ quru sort şərabı (12% spirt, 0,75 litr, 2024-cü il dekabrın 17-də qablaşdırılıb) yer alır. Hər iki məhsul “Vedi-Alko” ASC tərəfindən istehsal olunub”, - deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, “Abovyan Konyak Zavodu” MMC tərəfindən istehsal edilən “Erməni Konyakı 5 ulduz” beşillik adi konyakı (40% spirt, 0,5 litr, 2025-ci il yanvarın 20-də qablaşdırılıb) da keyfiyyətsiz məhsullar siyahısına daxil edilib.
Bundan əlavə, “Şahnazaryan Şərab-Konyak Evi” MMC tərəfindən istehsal edilən yeddiillik “Şahnazaryan XO” markalı erməni konyakında da uyğunsuzluq aşkarlanıb.
“Bu məhsul 40% spirt tərkibinə malikdir, 0,5 litrlik qabda təqdim olunur və 2025-ci il mayın 16-da qablaşdırılıb”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl “Rospotrebnadzor” Ermənistanda istehsal olunan “Cermuk” mineral suyunun bütün partiyalarının Rusiyaya idxalı və dövriyyəsini müvəqqəti dayandırmışdı.
“Qərar hidrokarbonat ionu, xlorid və sulfat tərkibinin normadan artıq olması səbəbindən qəbul edilmişdi”, - deyə məlumatda qeyd olunub.
Alpər Mövludoğlu
Ordu.az