Ordu.az xəbər verir ki, Paşinyan bu gün İrəvanın Nor Nork inzibati rayonunda keçirilən seçkiqabağı təşviqat tədbirində çıxış edib.
Paşinyan çıxışı zamanı “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı hədəfə alaraq onun geosiyasi təhlillərlə məşğul olmasını istehza ilə şərh edib.
“Tsarukyan Qaqo geosiyasi analizlə məşğul olub. Eşit, bu, sənin nə ağıllı işindir? Səncə, erməni xalqı sənin əsl adını unudub?”, - deyə Paşinyan bildirib.
O əlavə edib ki, Tsarukyanın təhlükəsizliyini yalnız penitensiar xidmət təmin edə bilər.
“Eyni şey kaluqalıya da aiddir”, - deyə Paşinyan bildirib və bununla “Güclü Ermənistan” partiyasının lideri Samvel Karapetyanı nəzərdə tutub.
Paşinyan, həmçinin “Hayastan” blokunun lideri Robert Köçəryanı və digər müxalifət nümayəndələrini də sərt şəkildə tənqid edib.
“Sizin bütün mafiyanız buna hazırlaşsın”, - deyə o vurğulayıb.
Paşinyan “Çiçəklənən Ermənistan”, “Güclü Ermənistan” partiyalarını və “Hayastan” blokunu yenidən “casus şəbəkəsi”, onların liderlərini isə “alçaqlar” adlandırıb.
“O üçbaşlı partiya parlamentə keçid baryerini aşa bilməməlidir. Bu, Ermənistan vətəndaşlarının şərəf məsələsidir”, - deyə Paşinyan qeyd edib.
Ermənistan Baş nazirinin sözlərinə görə, müxalifət 44 günlük müharibə nəticəsində “5000 ölən və 7000 yaralı” barədə səsləndirdiyi iddiaları əsaslandırmalıdır.
“Mən onların bu sualdan yayınmasına imkan verməyəcəyəm. Əgər onlar səsvermə gününə qədər bu iddianı əsaslandırmasalar, bu, müharibənin üçbaşlı partiyasının parlamentdən kənarda qalması və orada bir nəfər belə deputatının olmaması üçün əlavə arqumentə çevrilməlidir”, - deyə Paşinyan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az