Papoyan: “Bu açıqlamalar Ermənistan və Rusiya liderlərinin söhbətinin məzmunundan irəli gəlmir”

2026/05/1779446698.jpg
Oxunub: 318     14:42     22 May 2026    
“Qazla bağlı heç bir problem yoxdur, Nikol Paşinyan rəhbərliyi dövründə qazın qiyməti artmayan yeganə rəhbər odur”.

Ordu.az xəbər verir ki, bunu bu gün Nor Norkda keçirilən “Vətəndaş Müqaviləsi” partiyasının təbliğat kampaniyası zamanı jurnalistlərlə söhbətində Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

O, Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağdan könüllü köç etmiş şəxsləri müharibədə öllməməkdə və ya yaralanmamaqda ittiham etməsinə də münasibət bildirib.

“Bu epizod aşağıdakı insanlarla bağlıdır. Müharibə başlayan kimi “Qarabağ elitası” (separatçılar-red.), insanları ən çox talayan adamlar ciplərinə minib qaçdılar və Ermənistana gəldilər. Bahalı ciplərdən ibarət on kilometrlərlə uzanan karvan olub, orada bir dənə də olsun “06” olmayıb, ciplər karvanı olub. Onlar qaçıb bura gəliblər, kafelərdə oturublar, xalqı və bizim əsgərlərimizi orada tək qoyublar və bu gün Nikol Paşinyan məhz onları nəzərdə tutur. İndi də deyirlər ki, biz İrəvanda kafelərdə, öz ciplərimizin içində oturaq, qoy bu uşaqlar yenə gedib ölsünlər. Sənin nə mənəvi haqqın var, sən kimsən, ay murdar adam, qaçıb başqalarına necə deyə bilərsən ki, niyə ölmürsünüz?”, - deyə Papoyan bildirib.

Papoyan qeyd edib ki, sülh olduqda hər şey həll oluna bilər.

“Biz olacağıqsa, sülh olacaq, onlar gələcəksə, müharibə olacaq. Bunun təminatı odur ki, artıq 2,5 ildir Ermənistan sərhədlərində atəş yoxdur. Yalnız sülh zamanı bütün məsələləri, o cümlədən girovlarla bağlı məsələləri həll etmək mümkündür. Bunun əksini deyənlər yalnız məzarların sayını artırmaq istəyirlər, çünki yalnız məzarların sayını artırmaqla yeni ciplər almaq, Şimal prospektində yeni evlər almaq, Kaskadda yeni kafelər açmaq mümkündür.

Biz deyirik ki, yox, olmayacaq, yetər artıq, 30 il bu xalqı yedilər, bu xalqın günahı nədir?”, - deyə erməni nazir vurğulayıb.

Onun sözlərinə görə, müharibə zamanı hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvlərinin cəbhəyə getməməsi ilə bağlı tənqidlər əsassızdır.

“Paşinyanın oğlunun yanında çiyin-çiyinə oturan əsgər səngərdə həlak olub. Yəni arzulayırsınız ki, 10 santimetr o tərəfə dəysin? Onlar bunu istəyirlər. Nikol Paşinyan öz oğlunu ən təhlükəli yerə göndərib.

Biz deyirik ki, heç kim həlak olmamalıdır, onlar isə deyirlər ki, biz Kaskadın kafesində oturub kofe içməliyik, cipi sürməliyik, başqaları da gedib həlak olmalıdır. Buna görə də cavab alacaqlar, yaxın vaxtda keçid baryerini də keçməyəcəklər və görəcəyik ki, biz nə qədər səs toplayacağıq”, - deyə Papoyan bildirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Ermənistanın Moskva tərəfindən qeyri-dost addımlar kimi qiymətləndirilən bir sıra tədbirlər həyata keçirdiyi barədə bəyanatına münasibət bildirən Papoyan qeyd edib ki, bəzi Rusiya rəsmiləri tərəfindən bəzən verilən açıqlamalar Ermənistan-Rusiya ittifaq münasibətlərinin statusuna və Ermənistan və Rusiya rəhbərlərinin münasibətlərinin səviyyəsinə, eləcə də onların söhbətinin məzmununa uyğun gəlmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki   Rusiya  


Bizi "telegram"da izləyin