Ordu.az xəbər verir ki, bunu "Norwegian Refugee Council"un (NRC) sığınacaq və məskunlaşma məsələləri üzrə qlobal məsləhətçisi Lana Barreto (Lana Barreto, Braziliya) Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
O qeyd edib ki, hələ indiki eskalasiyadan əvvəl, 2014-cü ildə zərər görmüş bir çox evlər belə bərpa edilməmişdi.
"2023-cü ilin oktyabrından etibarən Qəzza mənzillərin, məktəblərin, infrastrukturun, xidmətlərin və ictimai məkanların genişmiqyaslı dağıdılmasını yaşayır. 370 mindən çox yaşayış vahidi zədələnmiş və ya dağıdılmış, təxminən 1,2 milyon insan evlərini tərk etməyə məcbur olub", - NRC nümayəndəsi bildirib.
Onun sözlərinə görə, əhalinin təkrar köçürülməsi fələstinlilərin gündəlik həyatının bir hissəsinə çevrilib, indiki böhranı yalnız humanitar fəlakət kimi qiymətləndirmək olmaz.
"Bu, həmçinin şəhər idarəçiliyi və mənzil, torpaq və əmlak hüquqları böhranıdır; burada fövqəladə müdaxilə çərçivəsində qəbul edilən qərarlar artıq bərpanın gələcəyini formalaşdırır", - o vurğulayıb.
NRC nümayəndəsi əlavə edib ki, Qəzzada fövqəladə yaşayış, erkən bərpa və yenidənqurma mərhələləri arasında aydın keçid mövcud deyil, insanlar isə daimi köçürmələr şəraitində müvəqqəti sığınacaqlarda, zədələnmiş binalarda və həddindən artıq sıx yerlərdə yaşamağa davam edirlər.
Ordu.az