Pentaqon 10 mindən çox ucuz konteyner tipli raket almağı planlaşdırır

2026/05/1778690063.jpg
Oxunub: 420     20:23     13 May 2026    
Pentaqon 2027-ci ildən başlayaraq üç il ərzində 10 mindən çox ucuz konteyner tipli raket almağa imkan verəcək çərçivə sazişləri elan etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, “Reuters” agentliyinin tanış olduğu açıqlamada sazişlərin “Anduril”, “CoAspire”, “Leidos” və “Zone 5” şirkətləri ilə bağlandığı bildirilib.

Şirkətlər birlikdə “Aşağı Xərcli Konteynerləşdirilmiş Döyüş Sursatları” proqramını həyata keçirəcəklər.

2026-cı ilin iyunundan etibarən Pentaqon bütün dörd şirkətdən raketlərin sınaq nümunələrini alacaq.

Açıqlamada silah sistemlərinin qiyməti və konkret növləri göstərilməsə də, sazişlərin sabit qiymətlə kütləvi istehsal müqavilələrinin gələcək şərtlərini müəyyən etdiyi qeyd olunub.

ABŞ ordusu uzun müddətdir standart dəniz konteynerlərindən istifadə etməklə konteyner tipli silah sistemlərini raket yerləşdirməyin büdcəyə uyğun və mobil vasitəsi kimi təşviq edir.

Bundan başqa, “Castelion” müdafiə startapı ilə ayrıca saziş bağlanıb. Proqram şirkətin ilk hipersəs zərbə silahı olan “Blackbeard” raketlərinin sınaq və təsdiq mərhələsini tamamlamasından sonra illik ən azı 500 raketin alınmasını nəzərdə tutur.

Açıqlamaya görə, Pentaqon beş il ərzində 12 mindən çox “Blackbeard” raketi almaq üçün səlahiyyət və büdcə vəsaiti istəyir.

ABŞ müharibə nazirinin satınalma və maddi-texniki təminat üzrə müavini Maykl Daffi bildirib ki, bu sazişlər ABŞ-nin sənaye bazasını genişləndirmək üçün ənənəvi əsas podratçılardan kənara çıxmağa başladığını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pentaqon   ABŞ  


Bizi "telegram"da izləyin