Aİ enerji saxlama sahəsində Çindən asılılığı müzakirə edir

2026/05/1778690011.jpg
Oxunub: 411     20:19     13 May 2026    
Avropa İttifaqı ölkələrinin energetika nazirləri enerji saxlama sistemlərinin ittifaqın enerji keçidi üçün strateji əhəmiyyətini tanıyıblar.

Ordu.az xəbər verir ki, Kiprdə keçirilən rəsmi görüş zamanı Aİ energetika nazirləri ittifaqın Çin istehsalı olan enerji saxlama sistemlərindən artan asılılığını müzakirə ediblər.

Bildirilir ki, külək və günəş enerjisinin sürətli inkişafı bu enerjinin saxlanılması üçün lazım olan infrastrukturun inkişafını qabaqlayır.

Avropa İttifaqı “yaşıl” enerji istehsalında ciddi nəticələr əldə etsə də, artıq enerjinin saxlanılması imkanlarının məhdudluğu şəbəkələrin yüklənməsi, qeyri-sabitliyi və elektrik enerjisi qiymətlərində dalğalanmalarla bağlı narahatlıq yaradır.

Qeyd olunur ki, Avropanın mövcud vəziyyəti “yaşıl” enerji müstəqilliyini sual altına qoyur və bu, yeni xarici asılılığa çevrilir.

Rus qazının itirilməsindən sonra yaranan böhran və Yaxın Şərqdəki müharibənin yaratdığı xaos vəziyyəti daha da ağırlaşdırıb. Hörmüz boğazında problemlər başlayandan etibarən Aİ ölkələrinin büdcələri əlavə 35 milyard avro xərc çəkib.

“Wood Mackenzie” araşdırma şirkətinin məlumatına görə, Çin şirkətləri hazırda Avropanın enerji saxlama sistemləri bazarının böyük hissəsinə nəzarət edir. Onlar məişət enerji toplayıcıları seqmentində 80 faizdən çox, litium-ion batareya idxalında isə təxminən 88 faiz paya malikdirlər.

Nazirlər litium-ion batareyaların üstünlüyünü qəbul etsələr də, enerji saxlanması üçün müxtəlif texnologiyaların tətbiqinə dəstək veriblər.

“Euronews”un tanış olduğu sənədə əsasən, bir sıra Aİ ölkələri hidroakkumulyasiya elektrik stansiyalarını və istilik enerjisinin saxlanılması həllərini mühüm alternativ kimi qiymətləndirib.

Kiprin energetika naziri Mixail Damianos bildirib ki, elektrik enerjisinin saxlanma imkanlarının artırılması enerji sisteminin dayanıqlığını təmin edən ən vacib vasitələrdən biridir.

“Bu, bizə fosil yanacaqlardan asılı olmayan çeviklik verir və bütün avropalılar üçün enerji qiymətlərinin azaldılması və sabitləşdirilməsi baxımından vacibdir”, - deyə nazir vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Çin  


Bizi "telegram"da izləyin