Ordu.az xəbər verir ki, Baş nazir Andrey Babiş hökuməti hərbi xərcləri ölkənin ümumi daxili məhsulunun 2 faizinə çatdırmağı hədəfləyir.
Çexiyanın müdafiə naziri Yaromir Zuna bildirib ki, hökumət müdafiə büdcəsinə təxminən 20 milyard Çex kronu, yəni 966 milyon dollara yaxın əlavə vəsait ayırmaq istəyir.
Məlumata görə, Müdafiə Nazirliyinin hazırkı büdcəsi 155 milyard kron, təxminən 7,49 milyard dollar səviyyəsindədir. Yekun rəqəmin Maliyyə Nazirliyi ilə aparılacaq müzakirələrdən sonra müəyyənləşəcəyi qeyd olunub.
Əlavə büdcə ehtiyacının yaranmasında NATO-nun müdafiə xərclərinin hesablanması metodologiyasında etdiyi dəyişikliklərin təsirli olduğu bildirilir.
Praqa rəhbərliyi daha əvvəl mülki yolların və dəmir yolu xətlərinin təmirini də təhlükəsizlik xərclərinə daxil edirdi. Lakin NATO artıq bu tip mülki infrastruktur layihələrini müdafiə xərcləri çərçivəsində qiymətləndirmir.
Bu səbəbdən Alyans Çexiyanın real hərbi xərclərinin ÜDM-nin yalnız 1,8 faizi səviyyəsində olduğunu hesablayıb.
Hökumətin büdcə dəyişikliklərini iyul ayında Ankarada keçiriləcək NATO sammitindən əvvəl təsdiqləməyi planlaşdırdığı bildirilib.
Məlumata görə, Çexiya rəsmiləri NATO liderləri və ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşlərə də hazırlaşır.
Tramp administrasiyasının uzun müddətdir Avropalı müttəfiqlərə müdafiə xərclərini artırmaları üçün təzyiq göstərdiyi məlumdur.
Mart ayında ABŞ-nin Çexiyadan müdafiə büdcəsini ciddi şəkildə artırmağı tələb etdiyi bildirilib.
ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker isə Alyans üzvləri üçün yeni standartın müdafiə xərclərinin ÜDM-nin 5 faizi səviyyəsinə çatdırılması olduğunu bildirib.
Uitaker vurğulayıb ki, bu məsələdə heç bir bəhanə və ya istisnaya yer olmamalıdır.
Sevinc Əliyeva
Ordu.az