Polşa M28 “Bryza” üçün “PUA ovçusu” konsepsiyası hazırlayır

2026/05/zanna-1778688737.jpg
Oxunub: 495     20:11     13 May 2026    
Polşa M28 “Bryza” yüngül nəqliyyat təyyarələrini pilotsuz uçuş aparatlarına qarşı silahlandırmağa hazırlaşır.

Ordu.az xəbər verir ki, Polşa Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant İreneuş Novak “Hava üstünlüyü necə təmin olunur?” adlı paneldə çıxışı zamanı ilk prototip təyyarənin lüləli silah sistemləri daşıyacaq şəkildə modernizasiya ediləcəyini açıqlayıb.

Novak bildirib ki, Silahlı Qüvvələrə Dəstək Müfəttişliyi ilə podratçı şirkət arasında müqavilə imzalandıqdan sonra işlərə başlanacaq.

General qeyd edib ki, oxşar həll Ukraynada uğurla sınaqdan keçirilib və əldə olunan nəticələr kifayət qədər ümidvericidir.

“Defence24”ün məlumatına görə, Ukraynada istifadə olunan silahlı “An-28” təyyarələri ağır kamikadze pilotsuz uçuş aparatlarına yaxınlaşaraq yan hissəyə quraşdırılmış müxtəlif çaplı pulemyotlarla hədəfləri məhv edib.

Daha sonra yayılan görüntülərdə “An-28” platformalarının qanad altında önləyici pilotsuz uçuş aparatları daşıdığı müşahidə olunub. Bildirilib ki, bu təyyarələr ümumilikdə 6-10 ədəd önləyici pilotsuz uçuş aparatı daşıya bilir.

Əməliyyat konsepsiyasına əsasən, təyyarə hədəf pilotsuz uçuş aparatının arxasında və bir qədər yüksək hündürlükdə mövqe tutur. Daha sonra yük bölməsində yerləşən operator kamikadze önləyici pilotsuz uçuş aparatını buraxaraq hədəfi arxa yarımkürədən vurur.

Novak qeyd edib ki, oxşar və ya fərqli önləmə həlləri Polşanın Bryza təyyarələrinə də inteqrasiya edilə bilər.

M28 platformasını istehsal edən PZL “Mielec” şirkətinin yeganə istehsalçı olması Polşaya texnologiya, modernizasiya və modifikasiya proseslərində tam nəzarət imkanı verir.

Bildirilir ki, bu vəziyyət xarici lisenziya və texniki təsdiq proseslərindən asılılığı aradan qaldırır.

Polşa arsenalında fərqli texniki standartlara malik onlarla M28 “Bryza” təyyarəsi mövcuddur. Bunların arasında rəqəmsal sistemlərlə təchiz edilmiş və müasir “Glass Cockpit” konfiqurasiyasına malik platformalar da yer alır.

Xüsusilə Rusiyanın Ukraynaya qarşı intensiv şəkildə istifadə etdiyi “Shahed-136” tipli kamikadze pilotsuz uçuş aparatlarının təxminən saatda 180 kilometr sürətlə uçduğu qeyd edilir.

Bu sürət intervalının M28 kimi turboprop platformaların pulemyot və ya önləyici pilotsuz uçuş aparatları ilə nişanalma həyata keçirməsi üçün uyğun olduğu bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   M28   Bryza   PUA  


Bizi "telegram"da izləyin