CNN: Çin hesab edir ki, “İran tələsi” Tramp ilə danışıqlarda ona üstünlük verəcək

2025/05/1746768021.jpg
Oxunub: 430     19:23     13 May 2026    
Çin hakimiyyəti İranla çoxaylıq qarşıdurmanı öz danışıqlar mövqelərini gücləndirə biləcək amil kimi ehtiyatla qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, müharibə Trampın ssenarisi üzrə inkişaf etməyib. ABŞ Silahlı Qüvvələrinin güc nümayişi əvəzinə münaqişə ictimai dəstək qazanmayan və həlli görünməyən qarşıdurmaya çevrilib. Bu isə qlobal iqtisadiyyat üçün ağır nəticələr yaradıb.

Mənbələrin sözlərinə görə, yaranmış vəziyyət Çin üçün unikal imkan formalaşdırır. ABŞ Prezidenti Donald Tramp amerikalı seçicilərə nəzərəçarpacaq uğurlar təqdim etməkdə maraqlıdır. Bunlara Çinin ABŞ kənd təsərrüfatı məhsulları və “Boeing” təyyarələrini genişmiqyaslı alması daxildir.

Pekin isə öz nəhəng daxili bazarından və nadir metalların tədarük zəncirindəki üstün mövqeyindən istifadə edərək Vaşinqtondan müəyyən güzəştlər əldə etməyə çalışır.

Çin ABŞ-dən Tayvan administrasiyasının müstəqilliyinə qarşı rəsmi “etiraz” mövqeyi sərgiləməsini, yüksək texnologiyalı məhsulların Çinə ixracına qoyulan məhdudiyyətlərin yumşaldılmasını və Çin şirkətlərinin ABŞ sanksiya siyahılarından çıxarılmasını istəyir.

Mənbələr qeyd edir ki, Pekin Tramp və Si Cinpin arasında keçiriləcək sammiti əsas iqtisadi və hərbi rəqibi ilə daha sabit və uzunmüddətli münasibətlər qurmaq üçün mühüm fürsət hesab edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   İran  


Bizi "telegram"da izləyin